“Azərbaycanı silahsızlaşdırmaq, qorxutmaq, susturmaq olmaz”


“Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcə ölkəsində sabitlik yaratmalı, daxili qarşıdurmalara son qoymalıdır. Hazırda Zəngəzur dəhlizi ilə bağlı yanlış məlumatlar yayılır. Guya bu dəhliz Azərbaycan və Türkiyənin Qərblə razılaşdırılmış planıdır. Halbuki bu dəhliz 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində yer alıb və Rusiyanın iştirakı ilə təsdiqlənib. Bu layihə sırf geoiqtisadi xarakter daşıyır və həm Azərbaycanın Naxçıvanla bağlantısını təmin edəcək, həm də region dövlətləri, o cümlədən Çin, Hindistan və türk dövlətləri üçün faydalı olacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Ermənistan isə bu layihəyə siyasi çalar verməyə çalışır və eyni zamanda həm Qərbdən, həm də Rusiyadan silah alır. Bu isə sülhə deyil, revanşist niyyətlərə işarədir. Fransa və Avropa İttifaqının bölgədəki fəaliyyəti də təxribat potensialı daşıyır. Azərbaycan güclüdür və təxribatlara cavab verməyə hazırdır. Əgər Ermənistan səhv addım atarsa, nəticələri özü üçün ağır olacaq: “Çin, Hindistan, digər Asiya ölkələri və Mərkəzi Asiya dövlətləri bu dəhlizdə maraqlıdırlar. Ermənistan isə çalışır ki, bu layihəyə siyasi bir qatqı əlavə etsin. Amma biz bilirik ki, bu sırf geoiqtisadi layihədir və bizə ilk növbədə ona görə lazımdır ki, həm ölkəmizin iki hissəsini birləşdirək, həm də tranzit ölkəsi kimi öz xeyrimizi alaq. Digər tərəfdən, Ermənistan daxilində olan qüvvələrin bəziləri Rusiya tərəfdarıdır, bəziləri isə revanş istəyən qüvvələrdir. Rusiyadan gizli şəkildə silah-sursat daşınır. Mən elə başa düşürəm ki, bu proses Nikol Paşinyandan xəbərsiz ola bilməz. Əgər ölkəyə silah-sursat gətirilirsə, özü də bunların çoxu hücum xarakterli silahlardırsa, bu onu göstərir ki, Ermənistanın siyasi rəhbəri özü də revanş ideyasından o qədər də uzaq durmur.

Bəli, Birləşmiş Ərəb Əmirliklərində danışıqlar oldu və münasibətlərdə, eləcə də sülh yolu istiqamətində yeni bir səhifə açılır. Ancaq Ermənistan yenə də subyektliyini satmağa çalışan bir tərəf kimi həm Qərbdən, həm də Şərqdən nələrsə almağa çalışır. Bir tərəfdən Avropa İttifaqına inteqrasiya olmaq istəyir, digər tərəfdən Rusiyadan, Hindistandan və Fransadan silah-sursat alır. Əgər sən sülhə hazırlaşırsansa, bu nə xəstəlikdir səndə? Mən elə başa düşürəm ki, bəli, burada Nikol Paşinyanın bu proseslərdən xəbəri var. O, bunun qarşısını almır. Digər tərəfdən çalışır ki, Azərbaycana təzyiqlər göstərsin, guya mən də əliyalın deyiləm. Və nəhayət, Fransa kimi bir ölkə var ki, burada təxribatlara geniş meydan verə bilər. Orada Avropa İttifaqından gəlmiş bir çox lazımsız müşahidəçilər fəaliyyət göstərirlər.

Belə olan halda, mən deyərdim ki, risk və təhlükə mənbəyi mövcuddur. Ona görə düşünürəm ki, burada İrəvan həqiqətən də çoxşaxəli bir oyuna baş qoşur və bu oyunda qeyri-ciddi oyuncuların riskli gedişləri həmişə özlərinə zərər verir. Və elə hesab edirəm ki, burada da biz bunun şahidi olacağıq.

Çünki, birincisi, Azərbaycanı silahsızlaşdırmaq, qorxutmaq, susturmaq olmaz. Biz sözümüzü demişik və deyəcəyik. İkincisi, bizim gücümüz və potensialımız var ki, Ermənistan ordusunu yenidən məğlub edək, onu diz çökdürək. Və elə düşünürəm ki, əgər həqiqətən də belə bir səhv və yanlış gedişə Paşinyan və onun dəstəsi izin verərsə, onlar çox peşman olacaqlar. Mənə elə gəlir ki, Ermənistanın artıq bir dövlət kimi subyektliyi sual altına düşəcək və bu heç də ermənilərin xeyrinə bitməyəcək”.

Əlaqəli Xəbərlər