2024-cü ilin sonunda Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin əhalisinin sayı 61,2 milyon nəfərə çatıb. Bu, 2023-cü illə müqayisədə 2,1 milyondan çoxdur və 36% artım deməkdir. SİA xəbər verir ki, bu, Körfəz Əməkdaşlıq Şurası Statistika Mərkəzinin yayımladığı son məlumatlarda öz əksini tapıb.
Mərkəzin 11 iyul – Ümumdünya Əhali Günü münasibətilə yaydığı statistikaya əsasən, KƏŞ ölkələrində əhali 2021-ci ildən bəri təxminən 7,6 milyon nəfər artıb. Bu rəqəmlər pandemiya dövründə bəzi ölkələrdə müşahidə olunan azalmadan sonra əhali artımının yenidən sürətləndiyini göstərir.
KƏŞ ölkələrindəki ümumi əhalinin təxminən 38,5 milyonu kişidir və bu, ümumi əhalinin 62,8%-ni təşkil edir. Qadınların sayı isə təxminən 22,7 milyon nəfərdir, bu da ümumi əhalinin 37,2%-i deməkdir.
Məlumatlarda, həmçinin qeyd olunur ki, KƏŞ ölkələrinin əhalisi dünya əhalisinin 0,7%-ni təşkil edir. 2024-cü ildə Körfəz ölkələrində cins nisbəti hər 100 qadına 169 kişi olub. Bu isə qlobal göstəricidən (2024-cü ildə dünyada hər 100 qadına 101 kişi) xeyli yüksəkdir.
Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasının üzvləri BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Küveytdir.