Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC 2024-cü ili 840 min manat xalis mənfəətlə başa vurub. SİA səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 33 % azdır.
Bu il yanvarın 1-nə “Hermes Finance”ın aktivləri 25,894 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 15,9 % azalaraq 24,777 milyon manata düşüb, balans kapitalı isə 10,4 % artaraq 1,116 milyon manata, o cümlədən nizamnamə kapitalı 20 % artaraq 900 min manata çatıb.
Xatırladaq ki, “Hermes Finance” 2018-ci ildə yaradılıb. Şirkətin səhmdarları 50 % payla Səbinə Sadiq, 27,33 % payla Rəvan Cəfərov və 22,67 % payla Nurarə Mehraliyeva-Rzayevadır. “Hermes Finance” lizinq fəaliyyəti ilə məşğul olan “Caspian Auto İmport” ASC-də 66,67 %, “Baku Leasing” MMC-də isə 50 % pay sahibidir.