Cari ilin yanvar-iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 146 milyon manata yaxın olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 378,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,3 faiz artaraq 2 milyard 47,3 milyon manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 111,5 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,8 faiz artaraq 83,3 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 544 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,4 faiz artaraq 376,3 milyon manat təşkil edib.