İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının fəal və uğurlu şəkildə bərpası Şimali Kipr Türk Cümhuriyyəti üçün də qürur mənbəyidir. Qardaş ölkənin azad edilmiş əraziləri qısa bir müddətdə, yəni cəmi beş il ərzində inkişaf meydanına çevrilib ki, bu da Azərbaycan xalqının qardaşım Prezident İlham Əliyevin rəhbərliyi altında atdığı birgə addımların nəticəsidir. SİA xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Şimali Kiprin lideri Azərbaycan Prezidentinə və ECO Katibliyinə Xankəndidə keçirilən Zirvə görüşünə dəvət üçün səmimi təşəkkürünü bildirib.
“Belə mötəbər Zirvə görüşünün tarixi və qədim Azərbaycan şəhəri Xankəndidə təşkil edilməsi bizim üçün xüsusi məmnunluq doğurur. Qarabağ – Azərbaycandır!”, – deyə 2012-ci ildən bəri ECO-da müşahidəçi statusuna malik olan ŞKTC Prezidenti vurğulayıb.