Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 10 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, hərrac prosesində qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 8 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi isə icarəyə verilib.
Qeyd edək ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin növbəti hərracı iyulun 22-də Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Hərracların Təşkili Mərkəzinin inzibati binasında keçiriləcək. Ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin http://auksion.nmr.az rəsmi saytlarından əldə etmək olar.