…Fransız paleontoloqları Fransanın cənub-şərqindəki Sainte-Victoire dağının yaxınlığında dünyanın ən böyük dinozavr yumurtası yığılmasını aşkar ediblər. Eks-en-Provence yaxınlığındakı əraziyə qeyri-rəsmi “Provence Yumurtaları” adı verilmişdir – mütəxəssislərin fikrincə, hər kvadrat metrə bir yumurta düşür.
SİA-xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Tapıntının unikallığı ondan ibarətdir ki, burada yumurtalara dünyanın hər yerindən daha tez-tez rast gəlinir və Təbaşir dövründəki şərait onların əla saxlanmasına kömək edib: su basmış düzənliklər və lilli-gilli torpaqlar yumurtaların fosilləşməsinə imkan verib. Sainte-Victoire Təbiət Qoruğundan paleontoloq Terri Tortosa “…biz sözün əsl mənasında yumurta qabığı üzərində gəzirik”,-deyə bildirib.
Hər il yumurta tapılsa da, əksəriyyəti boşdur – ya mayalanmamış, ya da artıq yumurtadan çıxmışdır. Embrionların tapılması elm adamları üçün dinozavrların növlərini dəqiq müəyyən etməyə kömək edəcək “Müqəddəs Qrail”dir, lakin indiyədək buna nail olunmayıb. Rüşeymi tapana qədər, onları kimin qoyduğunu bilməyəcəyik.
Bunu da Terri Tortosa deyib.
Elm adamlarının son illərdə əldə etdikləri ən yaxşı tapıntılar, ehtimal ki, rabdodonlar və ya titanosaurlar kimi ot yeyən dinozavrlara aid olan bud sümüyü və tibia kimi ətraf sümükləri olmuşdur.
Qoruğun unikal irsini talançılardan qorumaq üçün 1994-cü ildən ziyarətçilər üçün bağlanıb.
Bununla belə, regional hakimiyyət orqanları “paleontoloji turizmi” inkişaf etdirmək imkanını nəzərdən keçirir.
…Fransa yeganə ölkədir ki, turistləri cəlb etmək üçün dinozavrlarından necə istifadə edəcəyini bilmir, – deyə Tortosa gileylənib.
O deyir ki, başqa ölkələrdə dinozavrın bir dişi üçün bütöv bir muzey yarada bilərlər.
Nazlı Almuradova