“Yaşlı əhali arasında əmək bazarına inteqrasiya səviyyəsi kifayət qədər aşağıdır”


“2017-ci ildə əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyin tələbinə əsasən, hər il 6 ay olmaqla pensiya yaşı mərhələli şəkildə artırılır. Yəni bu proses texniki və hüquqi baxımdan müvəqqəti tədbir və ya ayrıca qəbul edilmiş qərar deyil, mövcud qanunun tələbi kimi həyata keçirilir və hər ilin əvvəlindən qüvvəyə minir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycanda ümumilikdə pensiya yaşının artırılmasının arzuolunan bir hal olmaması ilə bağlıdır: “Belə ki, orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq — yəni gözlənilən pensiya dövrü — dünya standartları ilə müqayisədə aşağıdır.

Qadınlara münasibətdə də vəziyyət analoji xarakter daşıyır. Ən azı orta statistik göstəricilərin kontekstində müvafiq balansın qorunması üçün qadınlar üçün pensiya yaşı təqribən 60 yaş ətrafında müəyyənləşdirilməlidir. 65 yaş isə kifayət qədər yüksək hədd hesab olunur. Yaş həddinin mərhələli şəkildə artırılması qadınların pensiyaya çıxmaq imkanlarını məhdudlaşdırır və nəticə etibarilə, hər il pensiyaçıların sayının azalmasına səbəb olur.

Bu yanaşma pensiya fondunun maliyyə dayanıqlılığının təmin olunması baxımından əlverişli institusional konfiqurasiya yaratsa da, digər tərəfdən, xüsusilə də mövcud iqtisadi şəraitdə ailə gəlirlərinin alternativ mənbələr üzrə formalaşma imkanlarını məhdudlaşdırır.

Əmək bazarında iştirak edənlərə münasibətdə bu məsələnin müəyyən müsbət tərəfləri də nəzərdən keçirilə bilər. Xüsusilə təhsil və səhiyyə sahələrində çalışan şəxslər arasında müəyyən hallarda yaşa görə pensiyaya çıxmaq arzusu müşahidə olunmur. Bu, əsasən pensiya məbləğinin kifayət qədər aşağı olması ilə bağlıdır. Belə ki, əmək fəaliyyəti ilə müqayisədə pensiyaya çıxdıqdan sonra vətəndaşın gəlirlərində kəskin azalma baş verir. Mövcud inflyasiya şəraiti və iqtisadi dəyişkənlik fonunda insanlar, bir çox hallarda, pensiyaya çıxmaq istəmir və əmək fəaliyyətini davam etdirməyə üstünlük verirlər”.

İqtisadçı bildirib ki, cəmiyyətdə elə sosial qruplar da mövcuddur ki, onlar ümumiyyətlə pensiyaya çıxa bilmədikdə hər hansı bir gəlir mənbəyindən məhrum olurlar: “Bu kateqoriyaya daxil olan şəxslər – xüsusilə qadınlar – əmək bazarında iştirak etmədikləri və ya qeyri-rəsmi şəkildə çalışdıqları üçün yaş həddinə çatmalarına baxmayaraq pensiya hüququ əldə etmirlər. Bu isə sosial təminat sistemində ciddi çətinliklər yaradır.

İqtisadi təsirləri baxımından bu vəziyyətin qiymətləndirilməsi müəyyən ehtiyatla yanaşma tələb edir. Çünki Azərbaycanda sosial strukturun xüsusiyyətləri və yaşlı əhali arasında əmək bazarına inteqrasiya səviyyəsi kifayət qədər aşağıdır. Yaş həddində olan əhalinin əhəmiyyətli bir hissəsi faktiki olaraq əmək fəaliyyətində iştirak etmir. Bu isə həm sosial, həm də fiskal baxımdan əlavə çağırışlar formalaşdırır. Bu aspektlər praktik olaraq mövcud deyil və xüsusilə nəzərə alsaq ki, əhəmiyyətli sayda 60 yaşdan yuxarı qadınlar əsasən təhsil, səhiyyə, sosial xidmətlərin göstərilməsi, mədəniyyət kimi sahələrdə çalışırlar. Həmin sahələrin isə əksər halları aşağı əlavə dəyər yaradan sahələrdir. Bu baxımdan, qeyd olunan yaş həddinin artırılmasının nəticəsində ciddi iqtisadi imkanların formalaşması, yaxud əmək bazarında nəzərəçarpacaq təsirlərin idarə olunması kimi nəticələr gözlənilə bilməz.

Burada, əslində, nə baş verir? Qadınlar sadəcə daha gec pensiyaya çıxırlar. Nəticə etibarilə, ailələrin sosial təminat strukturunun formalaşması prosesi də gecikmiş olur. Bu isə ahıllıq dövründə insanların daha çox sosial və iqtisadi çətinliklərlə qarşılaşmasına gətirib çıxarır. Ailə büdcəsinin tərkib hissəsi olaraq pensiya təminatı sisteminin insanların həyat tərzinə təsir imkanları məhdudlaşır”.

Əlaqəli Xəbərlər