Uşaqlar niyə artıq real oyun oynamaq əvəzinə telefona qaçır?


“Uşaqların real oyunlardan uzaqlaşıb telefona yönəlməsinin əsas səbəblərindən biri, hətta bəlkə də birincisi, valideynlərin davranış modelidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, müasir dövrdə bir çox valideyn müxtəlif səbəblərdən – yorğunluq, vaxt çatışmazlığı, səbir azlığı və ya digər şəxsi məşğuliyyətlər üzündən – uşaqları ilə birbaşa məşğul olmaq yerinə onların əllərinə telefon verir. Bu isə ilk baxışda rahat və təsirli bir üsul kimi görünsə də, uzunmüddətli nəticələr baxımından uşağın psixoloji və fiziki inkişafı üçün ciddi təhlükələr yaradır.

Əksər hallarda valideynlər uşaqlarını sakitləşdirmək, ağlamasının, narazılığının qarşısını almaq və ya sadəcə sakit oturtmaq üçün telefon verir. Uşaq da təbii olaraq diqqətini cəlb edən bu parlaq ekranlı, səsli-görüntülü cihazla məşğul olur. Amma bu sakitlik süni və zahiri bir sakitlikdir. Uşaq orada olan rənglərə, animasiyalara, tez dəyişən görüntülərə bağlanır və beyni həmin stimulyasiyalara öyrəşir. Zaman keçdikcə, uşaq adi real oyunu, dostlarla oynamağı, açıq havada qaçmağı darıxdırıcı və maraqsız hesab etməyə başlayır. Çünki o oyunlar telefondakı qədər parlaq, sürətli və cazibədar deyil. Bu isə uşağın həm fiziki inkişafını ləngidir, həm də sosiallaşma qabiliyyətini zəiflədir.

Ən maraqlısı isə odur ki, telefonla böyüyən uşaqların sakitliyini müsbət hal kimi qəbul edən valideynlər bəzən real oyunla böyüyən, daha çox hərəkət edən, danışan, sual verən uşaqları “çox danışır”, “hərəkətlidir”, “sakit oturmur” deyərək qınayırlar. Halbuki əslində bu uşaqlar daha sağlam, daha aktiv və daha balanslı inkişaf edirlər. Onların psixoloji və emosional zənginliyi real əlaqələrdən, real oyunlardan qidalanır. Bu uşaqlar həm problem həll etmə bacarıqları, həm sosial münasibətlər qurma bacarıqları baxımından telefonla böyüyən uşaqlardan daha üstün olurlar.

Əgər uşaq sakitləşdirilmək üçün telefonla əvəz olunursa, bu, valideynin məsuliyyətini cihazın üzərinə atması deməkdir. Halbuki eyni nəticə – yəni uşağın sakitləşməsi – onunla oynayaraq, söhbət edərək, birlikdə vaxt keçirərək də əldə edilə bilər. Belə uşaqlar həm valideynlə daha yaxın münasibət qurur, həm də emosional olaraq daha sağlam inkişaf edir. Onlar diqqət yetirildiklərini, qiymətləndirildiklərini hiss edirlər və özlərini daha güvənli hiss edirlər.

Beləliklə, əsas problem uşaqlarda deyil, uşaqları təkbaşına buraxıb məsuliyyəti texnologiyaya ötürən valideynlərdədir. Valideynlər uşaqları ilə real ünsiyyət qurduqda, birgə oyun oynadıqda, birlikdə vaxt keçirdikdə, uşaqların da telefona olan marağı tədricən azalır. Onlar daha çox real münasibət axtarır, özlərini ifadə etməyə çalışır və yaradıcı inkişaf yoluna qədəm qoyurlar. Hərəkətli, danışan, oynayan uşaq – sağlam uşaqdır. Sakit duran və susan uşaq isə çox vaxt daxili dünyasında özünü ifadə edə bilməyən, texnologiyanın təsiri altında davranış modelləri formalaşan bir uşaqdır. Bu baxımdan valideyn məsuliyyəti daha dərindən və ciddiyyətlə dərk olunmalıdır.

Müəllif: Günel Rəşadqızı

Əlaqəli Xəbərlər