Naxçıvanda Azərbaycan Polisinin yaranma ildönümü qeyd olunub


Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-mayor Süleyman Neymətov və nazirliyin kollektivi Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsi ehtiramla yad edib.

SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, kollektiv Şəhidlər xiyabanında da olub, torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edib.

Muxtar respublikanın rayonlarında da Polis Günü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə rayon icra hakimiyyətlərinin, polis idarələri və şöbələrinin rəhbər heyətləri və əməkdaşları, eləcə də veteranlar iştirak ediblər. İştirakçılar Ulu Öndər Heydər Əliyevin rayon mərkəzlərində ucaldılmış abidələrini ziyarət edib, önünə gül dəstələri düzüblər. Şəhidlər xiyabanları və abidə kompleksləri də ziyarət edilib, xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsi də yad edilib.

Tədbirdlərdə çıxış edənlər Azərbaycan polisinin xalqın inam və güvənc yeri olduğunu bildirib, təbriklərini çatdırıblar. Xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri diplomlar təqdim olunub.

Əlaqəli Xəbərlər