“Çimərlik ərazilərində baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqəlidir. Yəni qarşısı alınması mümkün olan yanlış davranışlar nəticəsində insanlar təhlükəli situasiyalarla üzləşirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib.
Onun sözlərinə görə, dəniz istirahəti əhalinin diqqətini cəlb edən əsas istirahət növlərindən və məkanlarından biri hesab olunur: “Lakin bu cəlbedicilik çox zaman qəfil və gözlənilməz şəkildə insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Bəzən insanlar dənizdə istirahət zamanı onun potensial təhlükələrini nəzərə almırlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, azyaşlı uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də geniş yayılmış məsuliyyətsiz davranış forması olaraq qalmaqdadır. Vətəndaşlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Belə məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti mövcuddur və hər hansı fövqəladə vəziyyət baş verdikdə operativ müdaxilə imkanı təmin edilir.
Nəzarətsiz çimərliklərdə xilasedici xidmətin mövcud olmaması fövqəladə hallarda insan həyatını xilas etmə imkanlarını məhdudlaşdırır. Nəzarət olunan çimərliklərdə isə suyun dərinlik səviyyəsi əvvəlcədən müəyyənləşdirilir, həmçinin dəniz dibində insanlara xəsarət yetirə biləcək daşlar, qaya parçaları və digər təhlükəli elementlərdən təmizlənir”.
Ekspert bildirib ki, dənizə daxil olmamışdan əvvəl hava şəraiti, küləyin intensivliyi və dalğanın hündürlüyü nəzərə alınmalıdır: “Hətta peşəkar üzgüçülər belə əlverişsiz meteoroloji amillər nəticəsində həyatlarını riskə ata bilirlər.
Maarifləndirmə və təbliğat işləri daha sistemli və dərin şəkildə həyata keçirilməlidir. Vətəndaşlar yalnız “dalğa var, üzmək olmaz” kimi xəbərdarlıqlarla kifayətlənməməli, dalğaların insan bədəninə göstərdiyi təsirlər, axın zamanı baş verən proseslər, boğulma zamanı orqanizmdə gedən fizioloji dəyişikliklər haqqında da məlumatlandırılmalıdırlar.
Çimərliklərdə təhlükəsizlik qaydalarının pozulması hallarında həm ictimai qınaq tədbirləri, həm də inzibati məsuliyyət mexanizmləri tətbiq olunmalıdır ki, belə davranışlar qarşısıalınan hala çevrilsin. Boğulma halları əksərən bir neçə saniyə ərzində, səssiz və xəbərdaredici əlamətlər olmadan baş verir. Hər il təkrarlanan bu kimi faciələrin əsas səbəbi isə diqqətsizlik və “heç nə olmaz” düşüncə tərzidir”.