“Ölkəmizdə yeni bir qanun qüvvəyə minir. Bu, bir il əvvəl – Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilən və qohumlar arasında nikahların qadağan edilməsinə dair qanunun tətbiqi ilə bağlıdır. Qanunun qüvvəyə minməsi üçün bir illik keçid müddəti müəyyən olunmuşdu. Bu da düşünürük ki, çox vacib və məqsədəuyğun bir addım idi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, çünki həmin dövrə qədər artıq nişanlı olan, ailə qurmağa hazırlaşan bəzi cütlüklərə bu bir il ərzində nikahlarını rəsmiləşdirmək imkanı tanındı: “Bir daha xatırladırıq ki, məlum olduğu kimi, sabahdan etibarən bu qadağa rəsmi olaraq qüvvəyə minir.
Hesab edirik ki, vətəndaşlarımız, xüsusilə nikaha daxil olmağa hazırlaşan cütlüklər bu qanunu anlayışla qarşılayırlar və qarşılamalıdırlar. Çünki burada söhbət təkcə iki şəxsin birliyindən və onların gələcəyindən deyil, həm də qurulacaq ailənin sağlam təməllər üzərində formalaşmasından gedir.
Çox təəssüf ki, son dövrlərin statistikası artmaqda olan bir sıra ağır xəstəlikləri göstərir. Qan xəstəlikləri, autizm sindromlu uşaqların doğulması, hemofiliya, talassemiya, ürək qüsurları və digər ciddi xəstəliklərə rast gəlinir. Ən acınacaqlı məqam isə odur ki, bu halların əksəriyyəti birbaşa qan qohumluğu nəticəsində — yəni yaxın qohumların nikaha daxil olması səbəbindən yaranır”.
Deputat qeyd edib ki, bu cür izdivaclar nəticəsində dünyaya gələn uşaqların əksəriyyətində irsi və genetik xəstəliklər müşahidə olunur: “Bu isə təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin sarsılmasına səbəb olur. Təbii ki, bir dövlət və cəmiyyət olaraq bizim üçün sağlam ailələrin qurulması, sağlam övladların dünyaya gəlməsi və normal şəraitdə böyüməsi son dərəcə vacib və prioritet məsələdir.
Qadağanın tətbiqi həm tibbi, həm psixoloji, həm də mənəvi baxımdan çox əhəmiyyətlidir. Xüsusilə də birinci dərəcəli qohumlar arasında – nənə və babanın övladlarının, eləcə də xala, dayı, bibi və əmi uşaqlarının bir-biri ilə nikaha daxil olması, istər tibbi, istərsə də mənəvi dəyərlər baxımından qəbulolunmazdır. Qohumluq münasibətləri hüquqi baxımdan birinci dərəcəli sayılmasa da, ailə bağları kontekstində bu şəxslər bacı-qardaş sayılır və belə nikahlar yalnız tibbi deyil, həm də əxlaqi, psixoloji və etik prinsiplərlə ziddiyyət təşkil edir.
Bu, bəziləri tərəfindən subyektiv fikir kimi dəyərləndirilə bilər, lakin dövlətin və cəmiyyətin gələcəyi naminə bu qadağa tam əsaslıdır. İnanırıq ki, cəmiyyət bu qanunu anlayışla qarşılayır və qarşılayacaqdır. Biz bütün cütlüklərə sağlam və möhkəm ailə qurmaqda uğurlar, uzun ömür və xoşbəxtlik arzulayırıq. Sağlam ailə təməlləri isə sağlam övladların dünyaya gəlməsi və cəmiyyətin rifahı üçün ən möhkəm zəmin hesab olunur”- deyə millət vəkili əlavə edib.
Həmçinin mövzu ilə sosioloq Ağasəlim Həsənovda fikirlərini bildirib. Onun sözlərinə görə, qohum evliliyi problemi əslində son dərəcə aktual və vacib bir mövzudur: “Çünki son illərdə aparılmış müşahidələr və elmi tədqiqatlar bir mənalı şəkildə təsdiq edir ki, qohumlar arasında nikahlar nəticəsində çox ciddi sağlamlıq problemləri ortaya çıxır. Bu hallar bəzən elə formada özünü göstərir ki, həmin xəstəliklər müalicəyə tabe olmur və tibbi müdaxilə ilə aradan qaldırılması mümkün olmayan ağır fəsadlara gətirib çıxarır. Məhz bu səbəbdən qohum evliliyinin qanunla qadağan olunması uzun müddət cəmiyyətin müxtəlif səviyyələrində geniş şəkildə müzakirə olunur, sosial və elmi mühitdə ciddi şəkildə təhlil edilirdi. Bu məsələ nəhayət ki, yüksək səviyyəli qərarverici orqanlarda gündəmə gətirildi və nə yaxşı ki, qanunvericilik səviyyəsində öz həllini tapdı.
Artıq qohum evliliyinə hüquqi baxımdan son qoyulub. Bu qərar, şübhəsiz ki, bir xalqın, bir cəmiyyətin gələcək sağlamlığı üçün atılmış çox mühüm və müsbət addım kimi qiymətləndirilə bilər. Qohum evliliyinin yaratdığı ilk və ən ciddi nəticə, şübhəsiz ki, ailədə dünyaya gələn uşaqların ciddi sağlamlıq problemləri ilə üzləşməsidir. Bu, təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin və gələcək nəsillərin sağlamlığına mənfi təsir göstərən əsas neqativ nəticədir. Məhz buna görə də bu cür nikahların qanunla qadağan olunması gec-tez baş verməli idi və nə yaxşı ki, bu addım atıldı, qanun hüquqi qüvvəsinə mindi. Bununla yanaşı, mən məsələnin mənəvi və psixoloji tərəfinə də xüsusi diqqət yetirirəm. Ümumiyyətlə, yaxın qohumlar arasında evliliyi heç vaxt təqdir etməmişəm, əksinə, hər zaman bu cür izdivaclara qarşı olmuşam. Bu isə mənim şəxsi və subyektiv baxışımdır”.