“Yuxular sadəcə gecə baş verən təsadüfi görüntülər deyil”


“Yuxular insanın əsrlər boyu maraq dairəsində olan, bəzən sirli, bəzən isə izaholunmaz görünən bir fenomen olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.

O bildirib ki, insanın keçirdiyi duyğular və psixoloji vəziyyəti yuxuların məzmununu birbaşa təsir edir: “Məsələn: Stress və narahatlıq dövrlərində insanlar daha tez-tez qarabasma, qaçma, təqib olunma və ya idarəedilməz situasiyalarla bağlı yuxular görür.

Travma keçirmiş şəxslər posttravmatik stres pozuntusu (PTSP) fonunda eyni qorxulu hadisəni təkrarən yuxuda görə bilər. Pozitiv emosiyalar isə daha canlı, xoş və yüngül məzmunlu yuxularla müşahidə olunur. Bu baxımdan, yuxular bəzən insanın özü üçün də açıq olmayan hiss və düşüncələrin şüuraltı səviyyədə üzə çıxmasına imkan yaradır.

Yuxuların Təhlili – Özünü Tanıma Yolunda Addım

Yuxuları analiz etmək və onların simvollarını anlamaq insanın özünü daha dərindən tanımasına kömək edə bilər. Məsələn: Dəfələrlə eyni yuxunu görmək, həyatınızda həll olunmamış bir emosional problemi göstərir. Su, uçmaq, düşmək və qaranlıq kimi simvollar tez-tez emosional qeyri-sabitlik, nəzarətsizlik və ya dəyişiklik ehtiyacını simvolizə edir. Tanımadığınız bir şəxs yuxuda tez-tez görünürsə, bu, bəzən sizin özünüzdə tanımadığınız bir tərəfi təmsil edə bilər.

Yuxular həm də yaradıcılıq üçün güclü bir mənbədir. Bir çox sənətkarlar və yazıçılar ilhamlarını məhz yuxulardan aldıqlarını etiraf edirlər.

Yuxulara Necə Yanaşmalıyıq?

Yuxuların mənasına varmaq üçün onları hərfi yox, simvolik dillə oxumaq vacibdir. Hər bir insanın yuxusu fərdidir və onun psixoloji tarixi, təcrübəsi və emosional vəziyyəti ilə sıx bağlıdır. Buna görə də yuxulara ümumi “tərcümə cədvəlləri” ilə yanaşmaq çox zaman yanıltıcı ola bilər. Əgər tez-tez narahatedici yuxular görürsünüzsə və bu, gündəlik həyatınıza təsir etməyə başlayıbsa, bu, artıq şüuraltınızın bir siqnalı ola bilər. Belə hallarda bir psixoloqla bu yuxular üzərində işləmək faydalı ola bilər.

Nəticə olaraq qeyd edim ki, yuxular sadəcə gecə baş verən təsadüfi görüntülər deyil, bəlkə də ruhun səssiz danışığıdır. Onlar bizim dərin emosional vəziyyətimizi əks etdirir, bəzən xəbərdarlıq edir, bəzən isə şəfa verir. Yuxuları anlamaq – insanın özünü anlama yolunda mühüm bir addımdır”.

Əlaqəli Xəbərlər