“İranla İsrail arasında davam edən 12 günlük müharibə hərb tarixində yeni bir müharibə növü kimi qaldı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu müharibə sadəcə hava hücumu vasitələri ilə edilən və raket mübadiləsi ilə həyata keçirilən müharibə kimi yadda qaldı: “İlk baxışda bu müharibə regionda sanki kardinal dəyişikliklər etmədi kimi görünsə də, amma dərin qatlarda, şübhəsiz ki, Yaxın Şərqin gələcəyi baxımından yeni reallıqlar formalaşdıracaq qədər əhəmiyyətli müharibə oldu. Nəzərə almaq lazımdır ki, biz sadəcə uzun illərdir müxtəlif formalarda İranla İsrail arasında davam edən müharibənin yeni bir fazasını gördük. Əgər bütövlükdə bu müharibəni sadəcə İran-israil münasibətləri kontekstində qiymətləndirməyə çalışsaq, 1979-cu ildə davam edən müharibənin birinci mərhələsi kimi səciyyələndirə bilərik. Çünki dərindən təhlil etsək, görərik ki, 1979-cu ildən başlayan İran-israil qarşıdurması müxtəlif mərhələlərdə baş verirdi. Həm ideoloji, həm dini, həm də vəkalət müharibələri kontekstində baş verirdi. Gəldiyimiz nöqtədə bu müharibə İsrailin böyük uğuru kimi qiymətləndirilə bilər. Çünki İsrail radikal məzhəb qruplaşmalarını Yaxın Şərqdən demək olar ki, təmizləməklə 12 günlük müharibənin yolunu açdı. Şiə milisləri, Suriyadakı rejim, İraqdakı İrana aid qüvvələr, uzun illər ərzində Yəməndəki Husilər və sair bütün bunlara qarşı İsrail müharibə apararaq, nəhayət, onların böyük əksəriyyətini zərərsizləşdirdikdən sonra birbaşa İranla müharibəyə başladı. Ona görə də, bu müharibə İsrailin əldə etdiyi tarixi bir uğurdur, əlbəttə ki, radikal məzhəbçilərə qarşı”.
“İranın özünə gəldikdə isə biz həmişə İranda sabitliyin olmasını arzulamışıq. Amma İran bir imperiyadır və imperialist ideyalarla çıxış edir. Nüvə silahı da İrana öz imperiya mahiyyətini qorumaq üçün lazımdır. Bu isə təkcə İsrail üçün yox, bütün bölgə ölkələri üçün təhdiddir. Əgər İran nüvə silahına malik olarsa, əminəm ki, onu İsraildən daha əvvəl digər qonşu müsəlman ölkələrinə tətbiq edə bilər. Məsələnin mahiyyəti bundan ibarətdir. Ona görə də, düşünürəm ki, 12 günlük müharibə gələcək qəti müharibənin də yeni mərhələsini yaradacaqdır. Bu isə heç şübhəsiz ki, bütün regiona dərindən təsir göstərəcəkdir.
Mənə elə gəlir ki, XXI əsrdə dövlətlərin, imperiyaların da mahiyyəti dəyişməlidir. Liberal dəyərlər əsasında və hüquq əsasında qurulan yeni beynəlxalq münasibətlər sistemi yaranmalıdır. Ona görə də, düşünürəm ki, Yaxın Şərq bu istiqamətdə tarixi hadisələrə şahidlik edəcəkdir” – deyə o, əlavə edib.