“Son illərdə Rusiyada müşahidə olunan sistemli şovinist, diskriminasiya və islamofob meyillər, xüsusilə hüquq-mühafizə orqanlarının azərbaycanlılara və ümumilikdə Orta Asiya xalqlarının nümayəndələrinə qarşı sərgilədiyi qəddar münasibətlər, sadəcə təsadüfi hallar deyil, daha dərinə enən strateji bir siyasətin nəticəsidir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş son hadisə də bu geniş kontekstin tərkib hissəsi kimi dəyərləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, bu tendensiyaların kökündə yalnız daxili sosial-siyasi idarəetmə amilləri dayanmır. Əslində, bu proses Kremlin uzunmüddətli imperiya irsini canlandırmaq və Rusiya daxilində monoetnik, rus pravoslav dəyərlərinə söykənən bir cəmiyyət formalaşdırmaq strategiyasının tərkib hissəsidir. Bu məqsədlə Kremlin etnik azlıqlara, xüsusilə müsəlman mənşəli xalqlara qarşı ictimai rəyi formalaşdırmaq üçün sistemli şəkildə islamofob ritorikadan və təhlükə normativlərindən istifadə etdiyi açıq şəkildə görünür: “Bu siyasətin həyata keçirilməsində Rusiya Pravoslav Kilsəsinin rolu danılmazdır. Kilsə, dövlət ideologiyasının əsas dayaqlarından birinə çevrilərək, “milli kimlik”, “mədəni özünəməxsusluq” və “ənənəvi dəyərlər” adı altında digər etnik və dini qrupların marginallaşdırılmasını haqlılaşdırmağa çalışır. Ruhanilərin çıxışlarında tez-tez qərb təsirlərinə və qeyri-xristian dəyərlərinə qarşı ritorikaya yer verilməsi, ictimai şüura təsir baxımından böyük rol oynayır. Eyni zamanda hüquq-mühafizə orqanlarının davranışı da bu siyasətin texniki icraçısı funksiyasını daşıyır. Azlıqlara qarşı tətbiq olunan zorakı yanaşmalar, selektiv həbslər və əsassız yoxlamalar, bu xalqların cəmiyyətdə qorxu və güvənsizlik içində yaşamasına səbəb olur. Nəticədə, Kremlin məqsədi həm etnik tərkibi nəzarət altında saxlamaq, həm də geniş rus əhalisinin diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq üçün “daxili düşmən obrazı” yaratmaqdır.
Yekun olaraq qeyd etmək lazımdır ki, Rusiyada bu kimi hallar sadəcə ictimai gərginliklərin təsadüfi nəticəsi deyil, dövlət səviyyəsində yönləndirilən və strukturlaşdırılmış bir diskriminasiya siyasətidir. Bu siyasət, yalnız azlıqlar üçün təhlükə yaratmaqla kifayətlənmir, eyni zamanda bütövlükdə regionda etnik zəmində sabitliyə ciddi təhdid formalaşdırır. Beynəlxalq ictimaiyyətin və insan haqları təşkilatlarının bu məsələyə daha ciddi yanaşması artıq zəruri xarakter daşıyır”.