“İran-İsrail regionda enerji resurslarına və enerji nəqliyyat yollarına yaxın ölkələrdir”


“Bildiyiniz kimi, İran və İsrail arasında baş vermiş son münaqişədən sonra tərəflər arasında atəşkəs əldə olunub. Lakin bu atəşkəsin davamlılığı bir sıra suallar doğurur. Beynəlxalq müşahidəçilər və regional ekspertlər bu razılaşmanı kifayət qədər kövrək hesab edirlər. Hər iki tərəfin siyasi ritorikasında və hərbi mövqelərində davam edən gərginlik, bu atəşkəsin istənilən an pozula biləcəyi ehtimalını artırır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, əgər münaqişə yenidən alovlanarsa, bu hadisə ilk növbədə Yaxın Şərq regionunda ciddi geosiyasi dəyişikliklərə gətirib çıxara bilər. İranın dəstəklədiyi qrupların və İsrailin müttəfiqlərinin bu qarşıdurmaya cəlb olunması genişmiqyaslı bir regional savaşa səbəb ola bilər. Belə bir ssenari, xüsusilə Fars körfəzi ölkələri, Livan, Suriya və İraq kimi qonşu dövlətlərdə sabitliyi daha da zəiflədə bilər: “Eyni zamanda, bu münaqişənin dünya bazarlarına da ciddi təsirləri olacaq. İran və İsrail regionda enerji resurslarına çıxışa və enerji nəqliyyat yollarına yaxın ölkələrdir. Gərginliyin artması neft və qaz qiymətlərində ciddi dalğalanmalara, qlobal inflyasiyanın sürətlənməsinə və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb ola bilər. Daha da önəmlisi, bu müharibə dünya gücləri – ABŞ, Rusiya, Çin və Avropa İttifaqı – arasında daha kəskin mövqe ayrılıqlarına yol aça bilər. Hər bir beynəlxalq güc bu prosesdə öz maraqlarını qorumağa çalışacaq ki, bu da dünya siyasətində yeni bloklaşma və toqquşma risklərini artıracaq. Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu da bu gərginlikdən kənarda qala bilməz. Regional sabitliyə təsir edən istənilən genişmiqyaslı münaqişə iqtisadi əlaqələrə, enerji layihələrinə və təhlükəsizlik mühitinə dolayısı ilə təsir göstərə bilər.

Nəticə etibarilə, İran-İsrail qarşıdurmasının yenidən alovlanması təkcə iki ölkə arasında olan müharibə deyil, həm də geniş miqyaslı regional və beynəlxalq böhrana çevrilə bilər. Bu səbəbdən, beynəlxalq ictimaiyyət və vasitəçi qurumlar bu atəşkəsin qorunmasına və dialoqun davamlı olmasına xüsusi diqqət yetirməlidir”.

Əlaqəli Xəbərlər