İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası keçirilib. Ali Məclisin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (üçüncü oxunuş) müzakirəsinin daxil edildiyini deyib.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, qanun layihəsi iyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq, ikinci oxunuşda müzakirə edilib. Daxili Nizamnaməyə əsasən, İqtisadi siyasət komitəsi tərəfindən üçüncü oxunuşa hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.
Qanun layihəsi ilə əlaqədar Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq qəbul edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla da Ali Məclisin növbədənkənar sessiyası işini başa çatdırıb.