Rusiyada “miqrant ovu” nun pərdəarxası məqamları


İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması Rusiyanın miqrant problemi ilə bağlı ciddi problem yaşamasının bariz təzahürüdür. Xatırlayırsınızsa Rusiyada buna bənzər hadisələr dəfələrlə baş verib. Hətta 2024-cü və 2025-ci illərdə Orta Asiya ölkələrindən Rusiyaya gələn miqrantlara qarşı da müxtəlif zorakı cəlbetmə üsulları tərəfimizdən zaman-zaman müşahidə olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.

“Rusiyada yaşayaraq böyük miqrant icmalarını təmsil edən millətlər arasında Orta Asiya ilə yanaşı, həmyerlilərimiz də var. Onlar bu ölkənin ticarət, inşaat, təmizlik sektorunda işləyirlər. Təbii ki, bu miqrantların bir hissəsi rəsmi qeydiyyatla fəaliyyət göstərsə də, əksəriyyəti qeydiyyatsız yaşayır. Sual yarana bilər ki, qeyd etdiyimiz problem yenidirmi? Əsla. Çünki miqrantlarla bağlı hər zaman proses bənzər olub. O zaman rəsmi Moskva bu problemə niyə o zaman yox, məhz indi ciddi münasibət sərgiləməyə başlayıb. Cavab çox sadədir. Ukrayna müharibəsi rəsmi Moskvaya maddi tərəfdən olduğu kimi, insan resursları məsələsində də ciddi problemlər yaradıb. Səfərbərlik dalğaları fonunda minlərlə rus gəncinin ölkədən qaçması, döyüşlərdə itkilərin sayının artması və cəbhəyə könüllü getmək istəyənlərin azalması rəsmi Moskvanı yeni yollar axtarmağa vadar edib. Qısacası, Rusiya ciddi təzyiq vasitələrindən istifadə edərək, miqrantları hərbiyə cəlb etməkdə israrlıdır”, – deyə Vüsalə Hüseynli bildirib.

Onun sözlərinə görə, Rusiya rəsmiləri özləri açıqlamalarında etiraf edirlər ki, son vaxtlar ölkə vətəndaşlığı alan miqrantlar arasında hərbidən yayınma halları mövcuddur. “Hərbiyə göndərməyə öz vətəndaşını tapa bilməyən rəsmi Moskva itkiləri azaltmaq və daxili gərginliyi yatırmaq üçün miqrantların hərbiyə göndərilməsini qarşıya hədəf qoyub. Hazırda Rusiyada ciddi şəkildə görünən “miqrant ovu”nun əsas səbəblərindən biri də budur”, – deyə QHT sədri qeyd edib.

Əlaqəli Xəbərlər