“Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi layihəsi artıq hazırdır və parlamentin iyulun 1-də keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
Xüsusilə Paşinyan şirkətin müəyyən səhm paketini birja ticarətinə çıxarmaq niyyətindədir ki, onları istənilən şəxs ala bilsin. Bu məsələ “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyəti ilə, daha sonra isə parlament və hökumətdə müzakirə edilib.
O, bu yaxınlarda Homplex Hyper Mall ticarət mərkəzinin açılışında olduğunu və təqdimat zamanı işıqların söndüyünü deyib.
“İki variant var – ya sabotaj, ya da şəbəkə texniki cəhətdən yeni abunəçilərə xidmət göstərmək iqtidarında deyil. Hər iki halda nəticə eynidir – əvvəllər müzakirə olunan prosesə keçmək lazımdır. Bu proses mərhələli, lakin sürətlə həyata keçirilməlidir”, – baş nazir bildirib.
Qeyd edək ki, QSC-nin sahibi iyunun 18-də həbs edilmiş erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyandir.