“Məhərrəm ayı İslam təqviminin ilk ayıdır və bu ay müsəlman aləmində xüsusi hörmətə malikdir. Bu ay yalnız təqvimin başlanğıcı deyil, həm də mənəvi bir dönüş nöqtəsidir. Allah-Təala Qurani-Kərimdə bu ayı haram aylar sırasında qeyd etmişdir, yəni bu ayda tökülən hər bir qan günahların ən böyüyü sayılır və bu ay sülhün, mərhəmətin, təqvanın simvoludur”. Bu sözləri SİA-ya açıqlamasında “Heydər” məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib.
Onun sözlərinə görə, ilahiyyatçı olaraq mən həmişə deyirəm ki, Məhərrəm ayı bizə keçmişdən gələn bir çağırışdır. Bu çağırışın adı Kərbəladır. Bu ayda biz tarixdə baş vermiş ən böyük fədakarlıqlardan birini yad edirik. İmam Hüseynin və onunla birlikdə olan ailəsinin, səhabələrinin haqq uğrunda şəhadəti bu ayı hüzn və ibrət ayına çevirib: “Kərbəla bizə göstərdi ki, haqlı olmaq üçün çox olmaq lazım deyil — qələbə bəzən canla yox, inancla qazanılır. Məhərrəmlik ayı bizə həm də özümüzə dönməyi öyrədir. Bu ayda əyləncədən uzaq durmaq, şənliklər keçirməmək, ruhumuzu təmizləmək üçün bir fürsətdir. İnsanlar bu ayda öz həyatına nəzər salmalı, mənəviyyatını artırmalı, daha çox dua, ibadət və sükut içində olmalıdırlar. Aşura günü isə İslam tarixində mühüm yer tutur. Bu gün oruc tutmaq savab sayılır. Peyğəmbərimiz də bu günü orucla keçirmiş və müsəlmanlara da tövsiyə etmişdir.
Məhərrəm ayı nəinki hüzn və xatirə ayıdır, eyni zamanda yenidən düşünmək, özümüzlə danışmaq, vicdanımızı dinləmək üçün bir çağırışdır. Bu ayda edilən hər bir yaxşılıq, hər bir dua, hər bir göz yaşı daha dərin mənaya malik olur. Çünki bu ay təkcə tarix deyil — bu ay ruhdur, əqidədir, sədaqətdir və ən başlıcası, insani dəyərlərin təntənəsidir”.