Afrikada iqlim dəyişikliyi iqtisadiyyatı 15 faiz kiçildə bilər


İqlim dəyişikliyi Afrika iqtisadiyyatlarına mənfi təsir göstərir. Afrika İnkişaf Bankının hesablamalarına görə, bu problemə qarşı mübarizə aparılmasa və dayanıqlı inkişaf üçün iqlim məlumat xidmətlərinə sərmayə qoyulmasa 2030-cu ilə qədər Afrika iqtisadiyyatları ÜDM-nin 15 faizini itirə bilər.

SİA yerli mediaya istinadla xəbər verir ki, bu fikirlər Namibiyanın Vindhoek şəhərində başlayan və beş gün davam edəcək “İntra-ACP iqlim xidmətləri və əlaqəli tətbiqlər proqramı (ClimSA)” və “Afrikada erkən xəbərdarlıq üçün kosmos (SEWA)” adlı birgə forumda səsləndirilib.

Afrika ölkələrinin əlaqədar nazirlərinin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi forumda iqlim böhranına qarşı mübarizə və dayanıqlı inkişaf üçün iqlim məlumat xidmətlərinə sərmayə qoyulmasının vacibliyi qeyd edilib.

Forumda çıxış edən Namibiyanın Nəqliyyat və İnfrastruktur Nazirliyinin icraçı direktoru Jonas Sheelongo iqlim dəyişikliyinə qarşı birgə, koordinasiyalı tədbirlərin vacib olduğunu qeyd edərək peyk məlumat xidmətləri, həmçinin digər iqlim məlumatlarına sürətli çıxışın milli meteoroloji və hidrologiya xidmətlərini gücləndirəcəyini vurğulayıb.

Forumda iqlim məlumat xidmətlərinə sərmayə qoyulmasının yalnız inkişaf üçün deyil, həm də Afrika üçün sağqalma məsələsi olduğu vurğulanıb.

Əlaqəli Xəbərlər