“8 Noyabr” Elektrik Stansiyası – enerji təhlükəsizliyində strateji addım


Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir. Enerji təhlükəsizliyi dedikdə bütün ölkənin, vətəndaşların, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı ilə təmin olunması, kifayət qədər enerji tədarükünün əldə edilməsi vasitəsilə bu sahədə hər hansı təhdidlərdən müdafiəsi nəzərdə tutulur.

Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Azərbaycanın geosiyasi mövqeyi, zəngin enerji ehtiyatları və strateji baxışları ölkənin enerji təhlükəsizliyini regional və qlobal miqyasda mühüm məsələyə çevirir.

Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Azərbaycanın Xəzər dənizində ona məxsus zəngin karbohidrogen ehtiyatlarını dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri ilə birgə yeni texnologiya əsasında istehsal etməsi və müstəqil marşrutlarla dünya bazarlarına çıxarması onun enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi artırmış, dünya enerji sistemindəki rolunu yüksəltmişdir. Ötən il Azərbaycanın 200-ə yaxın ölkənin dəstəyi ilə COP29 iqlim konfransına ev sahibliyi etməsi bu sahədə mövcud imkanlarının, təcrübəsinin təqdimatında öz sözünü dedi və yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul oldu.

Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri də 2025-ci il iyunun 24-də rəsmi açılışı keçirilən “8 Noyabr” Elektrik Stansiyasıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 25 oktyabr tarixli Sərəncamına əsasən, ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Eelektrik Stansiyasının ərazisində elektrik stansiyasının tikintisinə qərar verilib və 2023-cü ildə 1880 MVt-lıq yeni stansiyanın təməlqoyma mərasimi keçirilib. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir. Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan bu stansiya ölkənin enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur.

“8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək”. Bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib.

Stansiyanın əsas üstünlüklərindən biri onun çevikliyi və enerjiyə qənaət qabiliyyətidir. Avropanın qabaqcıl texnologiyalarına əsaslanan bu obyekt təbii qazla işləyəcək və əvvəlki nəsil stansiyalara nisbətən daha az yanacaq sərf etməklə daha çox enerji istehsal edə biləcək.

Bu stansiyanın fəaliyyəti Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Regionların enerji ilə fasiləsiz təmin olunması, yeni sənaye müəssisələrinin fəaliyyətinə şərait yaradılması, ixrac potensialının artırılması bu layihənin strateji əhəmiyyətini göstərir. Stansiyanın “8 Noyabr” adlandırılması təsadüfi deyil. Bu ad Azərbaycanın şanlı Zəfər Günü ilə bağlıdır və layihəyə vətənpərvərlik və milli birlik simvolu kimi əlavə dəyər qatır. “8 Noyabr” adının daşıdığı məna, ölkəmizin yalnız hərbi-siyasi deyil, həm də iqtisadi və texnoloji cəhətdən gücləndiyini göstərir.

“Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Yəni, bunu deməklə bir daha qeyd etmək istəyirəm ki, bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün nə qədər böyük əhəmiyyəti var. İndi isə biz sülh şəraitində yaşayırıq. Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq. Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq. Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Bir sözlə, Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyası təkcə energetika sahəsində yeni texniki nailiyyət deyil, həm də müstəqil və güclü Azərbaycanın gələcəyinə qoyulan strateji sərmayədir. Bu layihə bir daha sübut edir ki, Azərbaycan yalnız bugünün deyil, sabahın da ölkəsidir – dayanıqlı inkişaf və enerji təhlükəsizliyi baxımından nümunəvi modelə çevrilmək yolunda əmin addımlarla irəliləyir.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Əlaqəli Xəbərlər