Qətər Xarici İşlər Nazirliyi İsrail ilə İran arasında atəşkəsin əldə olunmasını alqışlayır və bu addımın bölgədə və dünyada münaqişələrin dialoq və diplomatik yollarla həlli üçün möhkəm bir əsas olacağına ümid etdiyini bildirir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Qətər xarici siyasət idarəsinin bəyanatında bildirilir. Nazirlik vurğulayıb ki, bu razılaşma sabitliyin təmin olunması və davamlı, hərtərəfli sülhün bərqərar edilməsi yolunda irəliyə doğru mühüm bir addımdır.
Bununla yanaşı, bəyanatda İranın Qətərin suverenliyinə və hava məkanına qarşı həyata keçirdiyi hücum “bölgədəki təhlükəli gərginliyin bir hissəsi” kimi qiymətləndirilib. Nazirlik qeyd edib ki, bu cür məsuliyyətsiz davranışların qarşısını almaq üçün səmimi və birgə beynəlxalq səylərə ehtiyac var.
Eyni zamanda, bəyanatda vurğulanıb ki, Qətər dövləti daim sülhün lokomotivi olacaq. Qətər hər zaman yaxşı qonşuluq prinsiplərinə sadiq, gərginlikləri azaltmağa yönəlmiş xoşməramlı təşəbbüsləri dəstəkləyən və dünyanın daha təhlükəsiz, əməkdaşlığa açıq və firavan bir yerə çevrilməsi üçün çalışan bir ölkə olaraq qalacaq.
Nazirlik, həmçinin ABŞ Prezidenti Donald Trampın İran və İsrail arasında atəşkəs razılaşmasının əldə olunmasında göstərdiyi səylərini yüksək qiymətləndirdiyini bildirib. Qətər hər iki tərəfin razılaşmaya tam sadiq qalacağına ümidini ifadə edib.