Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verilib


Qəbələdə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən verilən məlumata görə, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar da iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Sonra Qəbələ şəhərində beynəlxalq yarışın və Ümumrespublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib. Mərasimə Azərbaycan Respublikasının Dövlət Bayrağının meydana gətirilməsi və Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev yarışların yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini xatırladıb, bu siyasət nəticəsində Vətəninə, dövlətinə bağlı, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik gənc nəslin formalaşdığını qeyd edib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirin təşkilat komitəsinin üzvü Məhbubə Mustafayeva yarışların əhəmiyyətindən ətraflı bəhs edərək, bütün komandalara uğurlar arzulayıb.

Sonra yarış iştirakçısı olan komandaların təntənəli keçidi olub.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 4 mərhələdə – məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gələn komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Bu il birinciliyinin final mərhələsində 12 rayon və şəhərin komandası mübarizə aparacaq. Həmçinin respublikanın müxtəlif bölgələrindən olan şəhid ailələrinin üzvləri builki yarışa dəvət olunublar. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur.

“Gənc xilasedici” beynəlxalq yarışında isə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar qüvvələrini sınayacaqlar.

Yarışlar iyunun 29-dək davam edəcək.

Əlaqəli Xəbərlər