FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib


İyunun 23-də keçirilən növbəti seçkilərdən sonra Fövqəladə Hallar Nazirliyi (FHN) yanında yeni tərkibdə İctimai şuranın ilk iclası təşkil olunub. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, iclasda çıxış edən nazirlik yanında yaradılmış İctimai şuranın sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti Fuad Hacızadə ölkəmizdə vətəndaş cəmiyyəti institutlarına göstərilən diqqət və qayğıdan bəhs edib, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun əhəmiyyətini vurğulayıb. O, yeni formalaşmış İctimai şuranın fövqəladə halların idarə olunması sahəsində verdiyi rəy və təkliflərin nəzərə alınacağına, bu qurumun ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib, şuraya fəaliyyətində uğurlar arzulayıb.

İclasda təşkilati məsələlər müzakirə olunub, səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai şuraya “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Vəfa Abbasova sədr müavini, “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri Məhəmməd Məmmədov isə katib seçilib.

İclasda müxtəlif məsələlər müzakirə edilib, şura üzvləri tərəfindən FHN-in ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs olunub. Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq rəy və təkliflərin təqdim edilməsi, əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə dəstək verilməsi və digər təkliflər səsləndirilib.

Əlaqəli Xəbərlər