“Dövlət başçısının ölkənin ictimai, siyasi, sosial, regional və digər sahələri ilə fasiləsiz təmasda olması normal və müasir idarəçilik üslubudur. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi fəaliyyət yüksək idarəçilik tələblərinə cavab verir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bölgələrə dövlət başçısının səfərləri bir tərəfdən yoxlama və təftiş xarakteri daşıyır, digər tərəfdən isə bölgələrdə fəaliyyətin müxtəlif istiqamətlərdə tənzimlənməsinə, neqativ və pozitiv halların üzə çıxarılmasına xidmət edir. Ən vacib cəhətlərdən biri isə bu səfərlərin məmurlar üçün məsuliyyətli işləməyə ciddi motivasiya verməsidir: “Məmurların özlərini iş prosesində və vəzifə borclarına daha məsuliyyətli yanaşmağa təşviq etmək baxımından prezidentin bölgə səfərləri əhəmiyyətli idarəçilik üslubudur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin bölgələrə fasiləsiz səfərləri, insanlarla təmasları, orada müəyyən xarakterli obyektlərin açılışı, təməllərin qoyulması yalnız sosial-iqtisadi hadisələr deyil, həm də idarəçiliyin səmərəliliyini artırmaq və strateji hədəflərə yönəlmiş fəaliyyət forması kimi qəbul olunmalıdır.
Məmurların işə yanaşmasına məsuliyyət gətirmək baxımından bu səfərlər əhəmiyyətli idarəçilik vasitəsidir. Prezidentin regionlara səfərləri, insanlarla birbaşa təmasları, sosial-iqtisadi obyektlərin açılışı, təməllərin qoyulması yalnız texniki hadisə deyil. Bu, həm də idarəçiliyin səmərəliliyinin artırılması və strateji hədəflərə yönəlmiş fəaliyyətdir. Əgər bəzi məmurlar bu səfərlərin mahiyyətini dərk etməyib onları sadəcə formal proses kimi görürlərsə, onlar yanılırlar. Gec-tez bu yanaşmanın əhəmiyyətini və nəticələrini görəcəklər”.