SİA AZƏRTAC-a istinadən “Carbon Expert” şirkətinin təsisçisi və baş icraçı direktoru, Rumıniya Karbon Assosiasiyasının prezidenti, iqtisad üzrə fəlsəfə doktoru Kasyana Fometesku ilə müsahibəni təqdim edir.
– Qlobal karbon bazarının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, emissiyaların azaldılmasına ən böyük təsir göstərən mexanizmlər hansılardır?
– Mənim fikrimcə, qlobal karbon bazarı hazırda dönüş nöqtəsindədir. Bir tərəfdən Avropa İttifaqının Emissiyaların Ticarəti Sistemi (EU ETS) kimi tənzimlənən bazarlar sübut edib ki, karbon qiymətləndirilməsi, xüsusilə enerji və ağır sənaye sektorlarında emissiyaların əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Digər tərəfdən, könüllü karbon bazarları sürətlə inkişaf edir, lakin onların hələ də etibarlılıq və şəffaflıqla bağlı müəyyən problemləri aradan qaldırması vacibdir. Karbon bazarları sahəsindəki şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, ən effektiv mexanizmlər karbon qiymətləndirilməsini dəqiq tamamlayıcı siyasətlərlə birləşdirən yanaşmalardır. Bura bərpaolunan enerji üzrə ambisiyalı hədəflər, sərt enerji səmərəliliyi standartları və innovasiyalara dövlət dəstəyi daxildir. Məhz bu cür kombinasiyalar dekarbonizasiya prosesini sürətləndirir.
– Sizcə, könüllü karbon bazarları (VCM) təbii həllərə və yaşıl texnologiyalara investisiyaların cəlb olunmasında real hərəkətverici qüvvəyə çevrilə bilərmi?
– Bəli, mən səmimi şəkildə inanıram ki, könüllü karbon bazarları güclü bir təşviqedici amilə çevrilə bilər, xüsusilə nəzərə alsaq ki, bu bazarlarda özəl şirkətlər fəal iştirak edirlər. Şəxsən şahidi olmuşam ki, VCM çərçivəsində təmin edilən maliyyələşmə meşələrin bərpası və torpaqda karbon miqdarının artırılması kimi layihələrin həyata keçirilməsinə imkan verib. Halbuki normal şəraitdə bu layihələr reallaşa bilməzdi. Biz “Carbon Expert” şirkətində müştərilərə biokompost, biokömür və atmosferdən birbaşa karbontutma kimi qabaqcıl texnologiyalardan istifadə etməklə karbon layihələrinin hazırlanmasına kömək edirik. Lakin VCM-in həqiqətən bu rolu yerinə yetirə bilməsi üçün yüksək dürüstlük standartları təmin edilməli və milli iqlim hədəfləri ilə daha sıx əlaqələndirmə qurulmalıdır. Şirkətlər və investorlar əldə etdikləri karbon kreditlərinin iqlimə real fayda verdiyinə əmin olmaq istəyirlər.
– Sizcə, Avropa İttifaqı (Aİ) ölkələrinin Emissiyaların Ticarəti Sistemi (EU ETS) üzrə təcrübəsinin inkişaf etməkdə olan ölkələr, o cümlədən Cənubi Qafqaz ölkələri üçün ən dəyərli cəhətləri hansılardır?
– EU ETS təcrübəsindən bir sıra faydalı dərslər çıxarmaq mümkündür. Onlardan biri budur ki, hərraclardan əldə edilən gəlirlər təmiz enerji və innovasiyaların inkişafına yönəldilib. Bu yanaşma karbonun qiymətləndirilməsini təkcə emissiyaların azaldılması üçün bir vasitəyə deyil, həm də daha geniş dayanıqlı inkişaf alətinə çevirir. Digər vacib dərs isə ekoloji dürüstlüyü və bazara inamı təmin edən etibarlı monitorinq, hesabatlılıq və verifikasiya (MRV) sistemlərinin qurulmasının zəruriliyidir.
Bundan əlavə, mən hesab edirəm ki, Aİ-nin Bazarın Sabitliyi Ehtiyatı (Market Stability Reserve) qiymət sabitliyinin qorunması və artıq kvotaların iqlim ambisiyalarını zəiflətməsinin qarşısını almaq baxımından faydalı bir model kimi qəbul edilə bilər.
– Azərbaycanın iqlim gündəliyini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, aşağıkarbonlu iqtisadiyyata keçidi sürətləndirmək üçün ən vacib addımlar hansılardır?
– Hesab edirəm ki, Azərbaycan artıq mühüm addımlar atıb, xüsusilə də Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsini (NDC) yeniləyərək bərpaolunan enerji sahəsində daha yüksək hədəflər müəyyənləşdirib. Lakin aşağıkarbonlu iqtisadiyyata qəti keçid üçün daha çox iş görülməsi zəruridir. Mənim fikrimcə, əsas addımlar aşağıkarbonlu inkişaf üzrə aydın bir milli strategiyanın hazırlanması və həyata keçirilməsi, bərpaolunan enerji mənbələrinin daha geniş inteqrasiyası üçün enerji şəbəkəsinin modernləşdirilməsi, eləcə də karbon qiymətləndirilməsi formasının tətbiq olunmasıdır.
Bundan əlavə, həyata keçirilən tədbirlərin əlaqələndirilməsi və effektivliyinin təmin olunması üçün institusional potensialın gücləndirilməsi də son dərəcə vacibdir.
– Azərbaycanın təbii resurslarını və infrastruktur potensialını nəzərə alaraq, ölkə regional, hətta beynəlxalq karbon bazarının iştirakçısına çevrilə bilərmi?
– Şübhəsiz. Azərbaycan həm coğrafi mövqeyinə, həm də enerji infrastrukturuna görə regionda unikal mövqeyə malikdir. Hesab edirəm ki, ölkə aşağıkarbonlu enerji həlləri üçün bir mərkəzə çevrilə bilər. Bu, “yaşıl elektrik enerji”sinin ixracından tutmuş aşağı karbon izinə malik hidrogenin inkişafınadək geniş sahələri əhatə edə bilər.
Bundan əlavə, Azərbaycan Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarlarında iştirak edə, həmçinin regional ticarət sistemlərinə qoşulmaq imkanlarını dəyərləndirə bilər. Düzgün strategiya ilə Azərbaycan öz sərhədlərindən kənarda da əhəmiyyətli rol oynaya bilər.
– Azərbaycanın iqlim maliyyələşdirmə mexanizmlərinin inkişafını ləngidə biləcək çağırışlar (tənzimləyici, institusional, kadr baxımından) hansılardır?
– Mənim fikrimcə, əsas çağırışlardan biri karbon qiymətləndirilməsi və iqlim maliyyələşdirməsi sahəsində kompleks hüquqi çərçivənin olmamasıdır.
Bundan əlavə, iqlim tədbirlərinə cavabdeh olan institutlar arasında koordinasiya gücləndirilməli və insan kapitalının inkişafına – daha çox karbon uçotu, monitorinq, hesabatlılıq və verifikasiya (MRV) sistemləri üzrə, eləcə də iqlim maliyyələşdirməsinin strukturlaşdırılması sahəsində ixtisaslaşmış mütəxəssislərə ehtiyac duyulur. Bu cür boşluqlar təkcə Azərbaycana xas deyil — bir çox Aİ ölkələri də karbon bazarlarının formalaşmasının ilkin mərhələlərində oxşar çətinliklərlə üzləşib.
– Sizcə, Azərbaycan üçün BMT, Dünya Bankı və ya özəl fondların proqramları çərçivəsində beynəlxalq “yaşıl investisiya”ların və qrantların cəlb olunması imkanları necədir?
– Azərbaycan xüsusilə bərpaolunan enerji və təbii həllər sahəsində “yaşıl maliyyələşdirmə”ni cəlb etmək üçün böyük potensiala malikdir. Vacib olan yüksək keyfiyyətli, maliyyə cəhətdən cəlbedici layihələrin hazırlanmasıdır ki, bunlar beynəlxalq iqlim məqsədləri ilə uzlaşsın və açıq sosial və iqtisadi faydalar göstərsin. Digər regionlarda müşahidə etdiyim uğurlu layihələrdə çoxistiqamətli bankların və özəl kapitalın vəsaitləri uğurla birləşdirilib — bu model Azərbaycanda da yaxşı nəticə verə bilər.
– Azərbaycan COP29-u qlobal iqlim arxitekturasında öz institusional və imic mövqeyini möhkəmləndirmək üçün necə istifadə edə bilər?
– COP29-un keçirilməsi Azərbaycana regional lider kimi özünü tanıtmaq üçün nadir imkanlar yaradır. Ölkə yeni siyasətləri təqdim edə bilər — məsələn, karbon qiymətləndirilməsi üzrə yol xəritəsi və ya milli hidrogen strategiyası — həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim maliyyələşdirilməsi məsələlərində körpü rolunu oynaya bilər. Regional təşəbbüslərin başlaması və ambisiyalı razılaşmaların əldə olunmasına dəstək verməklə Azərbaycan həm beynəlxalq nüfuzunu artıra, həm də regionda ədalətli və inklüziv enerji keçidinə istiqamət verə bilər.