“Azərbaycan unikal geosiyasi mövqeyə malikdir”


“Azərbaycan unikal geosiyasi mövqeyə malikdir. Şərqlə Qərbin kəsişməsində, eyni zamanda geniş mənada Cənub və Şimal geosiyasi məkanlarının kəsişdiyi bir bölgədə yerləşən Azərbaycan, adeta Dekart koordinat sistemində koordinat başlanğıc nöqtəsinə bənzər strateji mövqe tutur. Bu, təkcə coğrafi deyil, həm də siyasi, iqtisadi və mədəni baxımdan əhəmiyyətli bir mövqedir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Azərbaycan həm Cənubi Qafqazın enerji və nəqliyyat mərkəzidir, həm də Şərqlə Qərb arasında körpü funksiyasını yerinə yetirir: “Bununla yanaşı, ölkəmiz həm Qərbin, həm də Şərqin etibarlı tərəfdaşı kimi çıxış edir.

Əgər xəritəyə diqqətlə baxsaq, Aralıq dənizindən Hind okeanına qədər uzanan geosiyasi meridiyan boyunca ən mühüm və həssas bölgənin məhz Azərbaycan ərazisi olduğunu görmək mümkündür. Rusiya–Ukrayna münaqişəsi, İran–İsrail qarşıdurması və digər regional gərginliklər fonunda Azərbaycanın yerləşdiyi bu məkanın əhəmiyyəti daha da artır və ölkəmizin geosiyasi çəkisi bir daha təsdiq olunur. Tarixi baxımdan, Osmanlı imperiyası dövründə belə, Azərbaycanın strateji mövqeyi və potensialı bölgədə əməkdaşlıq üçün cəlbedici olmuşdur. Bu gün də bir çox ölkə Azərbaycanla tərəfdaşlıq etməyi arzulayır. Xüsusilə də Çin tərəfindən irəli sürülmüş “Bir Kəmər, Bir Yol” təşəbbüsü kontekstində Azərbaycanın bu geoiqtisadi layihəyə inteqrasiyası olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu təşəbbüsə 2005-ci ildən etibarən qoşulmuşdur və həmin tarixdən etibarən təşəbbüs çərçivəsində fəal rol oynayır.

Hazırda bu təşəbbüsün genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq davam etdirilir. Tərəfdaş ölkələr arasında yeni layihələr, yeni mərhələlər və yeni əməkdaşlıq formatları yaradılır. Azərbaycan da bu çərçivədə mühüm nəqliyyat, enerji və logistika layihələrinin həyata keçirilməsində aktiv iştirak edir. Bu fəaliyyətlər həm regionun, həm də qlobal miqyasda Azərbaycanın rolunu gücləndirir və ölkənin beynəlxalq nüfuzunu artırır”.

Ekspert qeyd edib ki, “Bir Kəmər, Bir Yol” təşəbbüsü hər bir iştirakçı ölkə üçün, o cümlədən Azərbaycan və Çin üçün strateji əhəmiyyət kəsb edir: “Bu təşəbbüs yalnız iqtisadi əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, həm də regionlararası inteqrasiya, ticarət axınlarının liberallaşdırılması və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, “Bir Kəmər, Bir Yol” təşəbbüsü müəyyən aspektlərdə Orta Dəhliz konsepsiyası ilə uzlaşır. Hər iki platforma Avrasiya məkanında nəqliyyat əlaqələrinin inkişafını, enerji və yük daşımalarının optimallaşdırılmasını, eləcə də tranzit ölkələrin geoiqtisadi rolunun güclənməsini hədəfləyir. Bu baxımdan Azərbaycanın rolu körpü ölkə olaraq xüsusi əhəmiyyət daşıyır.

Dəhliz hazırkı (2024) mərhələsində 10-a yaxın ölkəni birbaşa əhatə edir. Bu marşrutun ətrafında isə 4.5 milyard insanın yaşadığı 60-a yaxın ölkə yerləşir. Buranın nəqliyyat imkanlarından 15-dən çox ölkənin yükdaşıma şirkətləri istifadə edir.

Göründüyü kimi, kifayət qədər geniş coğrafiyanı əhatə edən Orta Dəhliz Çin–Qazaxıstan sərhədindən başlayaraq, Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsinə xidmət göstərir. Hazırda Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsilə, digəri isə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə yerinə yetirilir. Bu istiqamət Orta Dəhliz vasitəsilə yükdaşımaların xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir”- deyə ekspert əlavə edib.

Əlaqəli Xəbərlər