Azərbaycan şərabları Norveç və İsveç bazarlarında təqdim olunub


Azərbaycanın şərab məhsulları artıq Skandinaviya bazarlarında geniş nümayiş olunur. Hazırda Norveç və İsveçdə müxtəlif çeşidli Azərbaycan şərablarının satışı həyata keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsinə NORAS şirkəti rəhbərlik edir.

Şirkət Azərbaycan əsilli ixracatçı Orxan Həsənli və norveçli Sesilie Hassing tərəfindən təsis olunub. Bu gün NORAS Avropa bazarında Azərbaycan şərablarını ən geniş təqdim edən şirkətlərdən biri kimi fəaliyyət göstərir.

Sesilie Hassing uzun illərdir Azərbaycanla əməkdaşlıq edir. O, şərabçılıq sektoru ilə əməkdaşlıq məqsədilə Qəbələ, Şamaxı, Göygöl, Bakı və digər regionlarda olub. Onun Azərbaycan mədəniyyətinə və məhsullarına dərin marağı tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayıb. Orxan Həsənlinin sözlərinə görə, Sesilie “Azərbaycan aşiqi”dir.

İlkin mərhələdə Azərbaycan şərablarının Norveçə ixracına “Meysəri” zavodunun “Sədəf” və “Məxməri” adlı iki məhsul ilə başlanıb. Hazırda Norveçin rəsmi satış sistemi olan “Vinmonopolet” vasitəsilə 14 müxtəlif adda Azərbaycan şərabı satışa çıxarılıb. İyunun sonunadək bu sayın 28-ə çatdırılması planlaşdırılır.

Bundan əlavə, Azərbaycan şərablarının İsveç bazarına çıxarılması istiqamətində də işlər həyata keçirilir. İsveçin rəsmi alkoqol satış şəbəkəsi olan “Systembolaget” vasitəsilə artıq “Chabiant” şirkətinin “Mədrəsə”, “Bayan Şirə” və yaxın müddətdə “Savalan” şərabının da satışa çıxarılması nəzərdə tutulur. Təşkilatçılar qeyd edirlər ki, Skandinaviya ölkələrində Azərbaycan şərablarına artan maraq müşahidə olunur. Bu, məhsulların keyfiyyəti, yerli üzümlərdən istifadə və istehsal mədəniyyəti ilə bağlıdır. Hazırda Norveçdə şərab məhsullarına olan tələbat yüksəkdir və satış həcmlərinin artması nəticəsində anbar ehtiyatlarının minimuma endiyi bildirilir.

NORAS şirkətinin strategiyası İsveç bazarında da Norveçdə olduğu kimi 28 adda Azərbaycan şərabının təqdim olunmasını nəzərdə tutur. Eyni zamanda, şirkət tərəfindən hazırlanan yeni brend – “Gaupe” adlı oynaq şərab məhsulu artıq Norveç bazarına çıxarılıb. Bu məhsul “Göygöl” şərab zavodunda istehsal olunub və 100 faiz “Chardonnay” üzümündən hazırlanıb. Yeni brendin tanıdılması və bazara çıxarılması istiqamətində təqdimat tədbirlərinin keçirilməsi planlaşdırılır.

Əlaqəli Xəbərlər