Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının işə salınması Azərbaycan və İtaliya arasında sənaye sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açır. SİA xəbər verir ki, bu barədə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nazir qeyd edib ki, “AzərEnerji” və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında əməkdaşlıq nəticəsində inşa edilən bu elektrik stansiyası qısa müddətdə tikilib.
“İlk daşın qoyulmasından cəmi iki il sonra Azərbaycanın “AzərEnerji” şirkəti tərəfindən “Ansaldo Energia” ilə əməkdaşlıq çərçivəsində Mingəçevirdə tikilmiş yeni elektrik stansiyasının açılışına qayıtmağıma şadam. İtalyanın töhfəsi sayəsində qısa müddətdə tamamlanan müasir qurğu Azərbaycanın enerji və ekoloji hədəflərinə çatmaq yolunda həlledici addımdır. Bu layihə iki ölkə arasında artıq möhkəm olan enerji əməkdaşlığını gücləndirir”, – A.Urso bildirib.
Eyni zamanda, nazir qeyd edib ki, sənaye sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açılır: “Buraya polad sənayesi, “yaşıl texnologiyalar” və kritik xammal sahəsi daxildir”.