Xarici diplomatlar Ağdamdakı tikinti-quruculuq işləri ilə tanış olublar


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə Ağdam şəhərində həyata keçirilən quruculuq işləri barədə məlumat verib.

Nümayəndə heyəti əvvəlcə Ağdam Muğam Mərkəzi ilə tanış olub. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub və 2025-ci ilin mayın 10-da istifadəyə verilib. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənətinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Diplomatik korpusun nümayəndələri sonra Ağdam şəhərindəki İmarət kompleksinə gəliblər. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşir. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb.

İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.

Qonaqlar Ağdam Sənaye Parkına da baş çəkiblər. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla təmin edilirlər. Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkın artıq 70 fazidən çox hissəsi sahibkarların istifadəsinə verilib.

“Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin divar kağızları istehsalı zavoduna gələn nümayəndə heyətinə bildirilib ki, un fəaliyyəti ilə investisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir. Artıq müəssisədə istehsal olunan divar kağızlarının xaricə ixracına başlanılıb.

Diplomatlar “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun fəaliyyəti ilə də tanış olublar.

Diplomatik korpusun nümayəndələrinin iyunun 20-də Şərqi Zəngəzur və Qarabağa Laçın Beynəlxalq Hava Limanından başlayan səfəri Ağdam dəmir yolu vağzalında başa çatıb. Nümayəndə heyətinə bildirilib ki, Prezident İlham Əliyev ötən ayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək.

Diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə gələrək, buradan sürət qatarı ilə Bakıya yola çıxıblar.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri iyunun 20-də Laçında, iyunun 21-də səhər isə Şuşada olublar.

14:58

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə tanış olacaqlar.

Səfər iştirakçılarını Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında, bu gün səhər isə Şuşada olublar.

Əlaqəli Xəbərlər