İyunun 21-də dünya ictimaiyyəti üç əlamətdar günü qeyd edir


İyunun 21-də dünya ictimaiyyəti üç əlamətdar günü qeyd edir. SİA həmin tarixləri oxucuların diqqətinə çatdırır:

Ümumdünya Musiqi Günü

Bu günü qeyd olunması ideyasını irəli sürən ilk şəxs 1976-cı ildə amerikalı musiqiçi Coel Koen olub. O, yay gündönümünü qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi tədbiri keçirməyi təklif edib. İdeya 1981-ci ildə fransız bəstəkarı Moris Flere tərəfindən dəstəklənib və o, bu barədə Fransanın mədəniyyət və kommunikasiyalar naziri Cek Lanqa məlumat verib. Bu kontekstdə 1982-ci ildə Parisdə ilk musiqi festivalı keçirilib.

Bu hadisə tədricən beynəlxalq miqyas alıb. Hazırda Ümumdünya Musiqi Günü Əlcəzairdən tutmuş Yaponiyaya qədər dünyanın yüzdən çox ölkəsində qeyd olunur.

Ümumdünya Hidroqrafiya Günü

Bu əlamətdar gün 1921-ci ildə yaradılmış Beynəlxalq Hidroqrafiya Təşkilatı tərəfindən iştirakçı ölkələrin hidroqrafik fəaliyyətini əlaqələndirmək məqsədi ilə 2006-cı ildə təsis edilib. O, BMT-dən rəsmi dəstək alsa da, bu təşkilatın beynəlxalq və ümumdünya günləri siyahısına daxil edilməyib.

Ümumdünya Hidroqrafiya Gününün əsas məqsədi naviqasiya təhlükəsizliyini təmin etməyə və bütün növ dəniz fəaliyyətini dəstəkləməyə kömək edən tətbiqi elm kimi hidroqrafiyanın əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Beynəlxalq Yoqa Günü

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 11 dekabr 2014-cü il tarixli qətnaməsi ilə təsis edilmiş bu əlamətdar gün BMT-nin ümumdünya və beynəlxalq günlər sisteminin bir hissəsidir.

Yoqa təlimi ilə bağlı Azərbaycanda da müxtəlif tədbirlər, o cümlədən festivallar təşkil olunur. Elə bu yaxınlarda, may ayında Bakıda “Nine Senses Fest” beynəlxalq yoqa festivalı keçirilib. “Sea Breeze Event Hall” və “Nine Senses Sea Breeze”də məşhur ustalar – Kənan Məmmədov, Sudhakar Dass, Lev İvanov və Perukua yoqa və meditasiya dərsləri, karma və daxili güc haqqında mühazirələr, vokal yoqa, qadın enerjisi və art-terapiya üzrə ustad dərsləri keçiriblər.

Əlaqəli Xəbərlər