Azərbaycanın XİN başçısı fövqəladə iclasda çıxış edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyası çərçivəsində təşkil olunan fövqəladə iclasda iştirak və çıxış edib.

SİA xəbər verir ki, çıxışda İsrail-İran qarşıdurması nəticəsində Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskin şəkildə dəyişməsinin narahatlıq doğurduğu, mülki insanların həyatını, habelə regional və beynəlxalq sabitliyi təhdid edən vəziyyətin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Sıx etnik və mədəni bağlarımızın, beynəlxalq hüququn normalarına, xüsusilə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanan qonşuluq əlaqələrimizin mövcud olduğu İran ərazisində mülki və nüvə infrastrukturuna dəyən ziyanın regional miqyasda mülki əhaliyə və ətraf mühitə ciddi təhlükə yaratması baxımından xüsusi narahatlıq mənbəyi olduğu bildirilib.

Mövcud vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb.

Nazir çıxışında, münaqişə və böhranlarla əhatə olunmuş bölgədə uzun sürən növbəti silahlı qarşıdurmanın qarşısının alınmasına, bütün hərbi əməliyyatların dərhal dayandırılması və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan diplomatik prosesin bərpasına çağırış edib.

Əlaqəli Xəbərlər