“Əvvəllər Azərbaycan avtomobil bazarında Rusiya istehsalı olan minik avtomobilləri – xüsusilə də Sovet dövründə istehsal edilən modellər – dominant mövqe tuturdu”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli deyib.
Onun sözlərinə görə, bu avtomobillər həm əlçatanlıq baxımından, həm də texniki xidmət imkanlarının sadəliyinə görə əhali arasında geniş yayılmışdı: “Lakin zaman keçdikcə Rusiya avtomobil sənayesində yaranan durğunluq və sənayenin rəqabətqabiliyyətinin azalması bu ölkənin avtomobillərinin bazardakı üstünlüyünü əhəmiyyətli dərəcədə zəiflətmişdir.
Müasir dövrdə Azərbaycanda avtomobil idxalı strukturunda mühüm dəyişikliklər müşahidə olunmaqdadır. Belə ki, artıq bazarda əsas yer tutan avtomobillər Cənubi Koreya (xüsusilə “Hyundai”, “Kia”), Yaponiya (“Toyota”, “Nissan”, “Honda”), və Avropa mənşəli (“Mercedes-Benz”, “BMW”, “Volkswagen”, “Renault” və s.) nəqliyyat vasitələridir. Bu avtomobillər daha yüksək texniki göstəricilərə, yanacaq sərfiyyatında qənaətcilliyə, ekoloji tələblərə uyğunluğa və müasir təhlükəsizlik sistemlərinə malikdir. Bundan əlavə, son dövrlərdə ABŞ və Çin istehsalı olan avtomobillərin də Azərbaycana idxalında artım müşahidə olunur. Xüsusilə elektrik və hibrid avtomobillərin yayılması bu tendensiyanı daha da gücləndirir.
Bununla belə, regionlarda, yəni paytaxt Bakıdan kənarda yerləşən ərazilərdə hələ də Rusiya istehsalı avtomobillərə üstünlük verildiyi müşahidə olunur. Bu meylin səbəbləri sırasında həmin avtomobillərin texniki baxımdan sadə quruluşu, ehtiyat hissələrinin yerli bazarda geniş yayılması və əlçatan olması, eləcə də təmir və xidmət xərclərinin nisbətən aşağı olması dayanır. Bundan əlavə, bu avtomobillərin kənd təsərrüfatı və dağlıq ərazilər kimi çətin relyef şəraitində istifadəyə yararlı olması onların bölgələrdə populyarlığını qoruyub saxlamasına səbəb olur”- deyə ekspert əlavə edib.