“Sığorta sisteminin əsas məqsədi insanları və müəssisələri gözlənilməz risklərdən qorumaq və dəymiş zərərləri müəyyən çərçivədə qarşılamaqdır. Lakin bəzi hallarda sığorta şirkətləri baş vermiş hadisəyə görə ziyanın tam miqdarını ödəməkdən imtina edə bilirlər. Bu isə müxtəlif səbəblərlə bağlı ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əəsdov deyib.
Onun sözlərinə görə, sığorta müqaviləsində qeyd olunan şərtlər çox önəmlidir. Müqavilədəki istisnalar, limitlər və digər texniki detallara əsasən, bəzi hallarda ödəniləcək məbləğ ziyanın real dəyərindən az olur: “Məsələn, əgər sığortalı şəxs avtomobilini bazar dəyərindən daha ucuz məbləğlə sığortalayıbsa, qəza zamanı şirkət yalnız müqavilədə göstərilən məbləğə qədər ödəniş edəcək.
İkincisi, bəzi hallarda sığorta şirkətləri zərərin bir hissəsinin sığortalının öz məsuliyyətsizliyi nəticəsində baş verdiyini irəli sürürlər. Məsələn, sürücünün hadisə zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi və ya avtomobili texniki baxışdan keçirməməsi halında şirkət tam ödəniş etməyə bilər.
Üçüncü səbəb isə dəyərləndirmə prosesindəki fərqliliklərdir. Zərərin miqdarı bəzən sığorta şirkəti tərəfindən daha az hesablanır, bu isə mübahisələrə səbəb olur. Sığorta şirkətləri bəzən təmir və ya bərpa xərclərini minimum səviyyədə göstərərək ödənişi azaltmağa çalışa bilirlər. Bundan əlavə, bəzi şirkətlər təəssüf ki, mənfəət məqsədilə hər ziyan hadisəsini daha çox araşdıraraq, bəhanə tapıb ödənişi gecikdirə və ya tam ödəməkdən yayınmağa çalışırlar. Bu da sığortalı şəxslərin narazılığına səbəb olur və sığorta sisteminə olan inamı azalda bilər.
Nəticə olaraq, sığorta şirkətinin ziyanı tam ödəməməsinin arxasında ya müqavilə şərtləri, ya zərərin dəyərləndirilməsi, ya da mübahisəli halların olması dayanır. Bu səbəbdən hər bir vətəndaş sığorta müqaviləsi bağlayarkən onun şərtlərini diqqətlə oxumalı, suallarını əvvəlcədən aydınlaşdırmalı və lazım gəldikdə müstəqil ekspert rəyindən istifadə etməlidir”.