““Azərbaycan Məhəlləsi” sıradan bir yaşayış kompleksi deyil”


“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyəyə etdiyi səfər və bu səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Kahramanmaraşda Azərbaycan sərmayəsi hesabına inşa olunmuş “Azərbaycan Məhəlləsi”nin açılışında iştirakı, iki ölkə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Bu hadisə bir daha sübut edir ki, Azərbaycan və Türkiyə münasibətləri təkcə diplomatik və siyasi tərəfdaşlıqdan ibarət deyil, həm də qan qardaşlığı, tarixə, mədəniyyətə və mənəviyyata söykənən sarsılmaz bir bağdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Kahramanmaraşda yaradılan bu “Azərbaycan Məhəlləsi” sıradan bir yaşayış kompleksi deyil, bu, Azərbaycan xalqının Türkiyəyə olan dərin sevgisinin, humanitar həmrəyliyinin və möhkəm qardaşlığının simvoludur: “Burada inşa olunan evlər, salınan parklar, açılan məktəblər və digər infrastruktur obyektləri yalnız maddi baxımdan dəyərli deyil. Bu, məkan, həm də mənəvi baxımdan böyük bir abidədir.

Çünki bu təşəbbüs sadəcə binaların tikilməsi ilə yekunlaşmır, burada bir millətin digər millətə göstərdiyi qayğı, onun ağrısını öz ağrısı kimi qəbul etməsi, fəlakət zamanı tək qoymaması təcəssüm olunur. “Azərbaycan Məhəlləsi” sanki hər daşında “bir millət, iki dövlət” fəlsəfəsinin ruhunu yaşadır. Bu, eyni zamanda gələcək nəsillər üçün də bir mesajdır: bu dostluq və qardaşlıq əbədi olacaq, bu təməl sarsılmaz qalacaq.

Beləliklə, Kahramanmaraşda ucaldılan bu məhəllə həm maddi, həm də mənəvi baxımdan iki dövlətin, iki xalqın birliyinin, dərd-bəla zamanı bir-birinə arxa durmasının canlı bir simvoludur. Bu, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə olan inamın göstəricisidir. Kahramanmaraşda salınmış “Azərbaycan Məhəlləsi” təkcə maddi bir tikili deyil, bu, həm də kahramanmaraşlıların, ümumilikdə, Türkiyə Cümhuriyyəti vətəndaşlarının ürəyində əbədi olaraq yaşayacaq mənəvi bir abidədir. O, yaddaşlara həkk olunan, illər keçsə belə unudulmayacaq bir qardaşlıq simvoludur. Bu abidə Azərbaycan xalqının qardaş Türk xalqına həmrəyliyinin, sevgisinin və ehtiramının canlı sübutudur. Məhz buna görə də, Türkiyə və Azərbaycanın qarşılıqlı münasibətləri istər dostluq, istərsə də strateji müttəfiqlik baxımından bütün dünyanın diqqətini çəkir. Bu iki ölkə arasında əlaqələrin bu qədər səmimi, güclü və davamlı olması təbii ki, bəzi dairələri narahat edir. Bu dairələr daim Azərbaycan və Türkiyə arasında narazılıq toxumu səpməyə çalışır, münasibətləri kölgələmək üçün süni gərginliklər yaratmağa cəhd edirlər. Onlar məqsədyönlü şəkildə şayiələr yayır, ictimai rəyə təsir göstərmək üçün manipulyasiyalara əl atırlar. Amma bu cəhdlərin heç biri nəticə vermir. Çünki Türkiyə və Azərbaycan arasındakı bağ yalnız siyasi maraqlara deyil, tarixə, birliyə, ortaq dəyərlərə, dilə, mədəniyyətə və ən əsası könül birliyinə əsaslanır. Bu qardaşlıq sadəcə diplomatik platformalarda deyil, xalqın qəlbində yaşayan, sarsılmaz və sınmaz bir birlikdir.

Eyni zamanda, iki ölkə beynəlxalq münasibətlər sistemində də ortaq maraqlar ətrafında birləşərək sinxron şəkildə hərəkət edir, qlobal məsələlərdə bir-birini dəstəkləyir və strateji əməkdaşlıqlar qurur. Bu həm regional sabitlik, həm də qlobal ədalət naminə atılan önəmli addımlardır. Bütün bu reallıqlar bir daha sübut edir ki, Türkiyə-Azərbaycan münasibətləri zamanın sınağından keçmiş, bütün çətinliklərə rəğmən daha da möhkəmlənmiş və gələcək nəsillərə örnək olacaq bir dostluq və qardaşlıq modelidir. Bu model nə qədər hücumlara məruz qalsa da, dayanaqlı, dərin köklərə sahib olduğu üçün daima qalacaq və daha da möhkəmlənəcəkdir”.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında mövcud olan münasibətlər sadəcə müasir dövrün məhsulu deyil: “Bu əlaqələr sağlam siyasi, mənəvi və tarixi əsaslar üzərində qurulmuş, zaman-zaman sınaqlardan keçmiş və hər dəfə daha da möhkəmlənmiş münasibətlər sistemidir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlində dayanır və bu, təkcə bir ifadə deyil, eyni zamanda hər iki xalqın qəlbində yaşayan bir inanc, bir ruh halıdır. Bu səbəbdəndir ki, bəzi qüvvələrin Türkiyə-Azərbaycan münasibətlərini pozmaq, bu iki qardaş xalq arasında narazılıq toxumu səpmək cəhdləri heç vaxt nəticə verməyəcək. Onlar nə qədər çalışsalar da, əsla və əsla bu münasibətləri zədələyə, bu birliyi sarsıda bilməyəcəklər. Çünki bu münasibətlər sadəcə dövlətlərin deyil, xalqların könlündə bərqərar olmuş bir qardaşlıqdır.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kahramanmaraşda Azərbaycan sərmayəsi ilə salınmış “Azərbaycan Məhəlləsi”nin açılışından əvvəl sosial şəbəkədə etdiyi paylaşım bu qardaşlığın mənəvi gücünü bir daha ifadə etdi. Onun paylaşımında yer alan son cümlə, son metafora xüsusilə diqqətəlayiq idi. Prezident Ərdoğan böyük Azərbaycan şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinə istinad edərək qeyd etmişdi: “Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?” Bu ifadə yalnız poetik bir cümlə deyil, bu, iki xalqın bir-birinə olan sonsuz sevgisinin, birliyinin və bölünməzliyinin təsdiqidir. Bu metafora ilə cənab Ərdoğan həm tarixi yaddaşa söykəndi, həm də bu münasibətlərin ruhunu ən incə şəkildə ifadə etdi. Bu cür çağırışlar, jestlər və mənəvi dayaq Azərbaycan və Türkiyənin münasibətlərini yalnız gücləndirir, möhkəmləndirir və gələcək nəsillərə örnək olacaq dostluq modeli yaradır. Bu, Türkiyə və Azərbaycanın dünənki, bugünkü gerçəkliyi, sabahkı gələcəyidir”.

Əlaqəli Xəbərlər