“Azərbaycan Prezidentinin Türkiyəyə səfəri, əsasən, zəlzələdən zərər çəkmiş ərazilərdə tikilmiş yaşayış komplekslərinin və iş yerlərinin təhvil verilməsi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, xüsusilə Qəhrəmanmaraş şəhərinin müəyyən hissəsində Azərbaycan dövləti tərəfindən inşa edilən bu obyektlər, humanitar dəstək çərçivəsində həyata keçirilmiş və Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin praktiki təzahürü kimi qiymətləndirilir: ” Bu təşəbbüs, yalnız humanitar və sosial xarakter daşımır, eyni zamanda iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və qarşılıqlı etimada əsaslandığını bir daha nümayiş etdirir. Belə bir fəaliyyət, Azərbaycan-Türkiyə əlaqələrinin dərin tarixi köklərə və möhkəm siyasi, iqtisadi və mədəni təməllərə söykəndiyini sübut edir.
Bu səfər strateji baxımdan olduqca əhəmiyyətlidir və mövcud regional və qlobal kontekstdə xüsusi önəm kəsb edir. Hazırda Azərbaycanın yaxın qonşuluğunda genişmiqyaslı hərbi qarşıdurmaların davam etdiyi bir şəraitdə ölkə müxtəlif geosiyasi çağırışlarla üz-üzədir. Belə bir məqamda Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri təkcə ikitərəfli əlaqələrin deyil, eyni zamanda bölgədəki sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış edir.
Qəhrəmanmaraşda keçirilən mərasim yalnız humanitar xarakter daşımır, eyni zamanda siyasi və strateji baxımdan da mühüm bir mesaj məzmunu daşıyır. Bu mərasim, Azərbaycan və Türkiyənin həmrəylik ruhunu, qarşılıqlı dəstək prinsiplərini və ortaq gələcəyə yönəlik möhkəm iradəsini nümayiş etdirən bir akt kimi qiymətləndirilə bilər. Beləliklə, bu səfər regional və beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi məzmunlu bir mesaj xarakteri daşıyır”- deyə politoloq əlavə edib.