Dövlət qulluğu ölkənin idarəetmə sisteminin əsas sütununu təşkil edir. Bu gün respublikamız bütün dünyada zəngin iqtisadi, siyasi və hərbi potensialı olan dövlət kimi tanınır və qəbul edilir. Azərbaycan qısa zaman kəsiyində siyasi və iqtisadi cəhətdən güclü, millətlərarası və konfessiyalararası vəhdətin dövlət ideologiyasının əsasını təşkil edən ölkəyə çevrilib, publik və sosial institut imici qazana bilib. Həmçinin respublikmızda dövlət-özəl tərəfdaşlığının özünəməxsus yeni formatı və modeli sınaqdan keçirilib.
Bu fikirlər siyasi elmlər doktoru, professor Ziyafət Həbibovanın “Dövlət qulluğunun strateji modernizasiyası: Azərbaycan modeli” sərlövhəli məqaləsində yer alıb.
SİA AZƏRTAC-a istinadən məqaləni ixtisarla təqdim edir.
Dövlət aparatının vətəndaşlar qarşısında daha səmərəli, mobil və yönəlik, daim təkmilləşən bir çağırışı var ki, bu da insan kapitalıdır. Dövlət qulluğu sistemi idarəetmə prosesində peşəkarlığın və davamlılığın təminatçısı kimi çıxış edir. Müasir dövrdə dövlət qulluğunda kompetensiya yönümlü seçim mexanizmləri tətbiq olunmağa başlanıb.
Azərbaycanda dövlət qulluğu sahəsində son illərdə aparılan islahatlar bu sistemin daha şəffaf, çevik və vətəndaşyönümlü olmasına yönəlib. Bu çərçivədə “Azərbaycan modeli” formalaşır və beynəlxalq təcrübə ilə sintez olunan bir yanaşma ortaya qoyulur. Azərbaycan dövləti strateji islahatlarla dövlət qulluğunu yeni mərhələyə daşıyır. Bu prosesdə şəffaflıq, effektivlik və vətəndaş məmnuniyyəti əsas prioritetlər sırasındadır. Formalaşan “Azərbaycan modeli” regional miqyasda uğurlu bir idarəçilik nümunəsi kimi çıxış edir. Müasir dövrdə dövlət idarəçiliyi sisteminin effektivliyi birbaşa olaraq dövlət qulluğunun səviyyəsi ilə bağlıdır. Qloballaşma və texnoloji inkişaf kontekstində dövlət qulluğu yalnız idarəetmənin icraedici mexanizmi deyil, həm də cəmiyyətin ehtiyaclarına uyğunlaşa bilən çevik və strateji bir struktur kimi fəaliyyət göstərməlidir. Bu baxımdan, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar və modernizasiya cəhdləri xüsusi diqqətə layiqdir. Siyasi təyinatlı vəzifələrlə peşəkar dövlət qulluğu vəzifələri arasında funksional aydınlıq artıq yüksək mərhələyə qədəm qoymaqdadır. Bu isə peşəkarlıqdan, xidmətin idarəetmədə sabitlik yarada bilməsindən xəbər verir. Qlobal idarəetmə tendensiyalarına uyğun olaraq, Azərbaycan dövlət qulluğu sisteminin çevik idarəetməyə uyğunlaşması qabiliyyəti idarəçilik mədəniyyətinin yüksələn xətlə inkişafını artıq beynəlxalq aləmdə göstərir. Eyni zamanda, peşəkar şəxslərin uzunmüddətli karyeralarını dövlət aparatı ilə bağlamaları dövlət qulluğunda həm “daxildən”, həm də “xaricdən” cəlbediciliyin iş prinsiplərinə uygun olaraq aktiv şəkildə yerinə yetirilməsinin təminatına çevrilməlidir. Bunun üçün dövlət qulluğunda yeni yanaşmaların tətbiqi zəruri tələb kimi qarşıya qoyulub.
Dövlət orqanlarında çalışan vəzifəli şəxslər, yəni dövlət qulluqçuları cəmiyyətə və dövlətə xidmət göstərmək üçün həyata keçirdikləri peşəkar fəaliyyətləri ilə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, eləcə də digər dövlət idarəetmə qurumlarında qarşılıqlı olaraq həyata keçirdikləri proqramda dövlətin funksiyalarının fasiləsiz yerinə yetirilməsinə şərait yaradırlar.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar istiqamətindəki fəaliyyət hazırda Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yeni mərhələyə qədəm qoyub. Sosial-iqtisadi sahələrdə əldə olunan uğurlar beynəlxalq reytinq agentliklərinin (”Fitch Ratings”, “Moodys”, “Standard & Poors”) Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət idarəçiliyi islahatlarının əsas istiqamətlərindən biri dövlət qulluğu sisteminin təkmilləşdirilməsi məsələsidir. Bu sahədə həyata keçirilən islahatların hüquqi və normativ əsasları dövlət idarəetməsinin səmərəliliyini artırmaq, şəffaflığı təmin etmək və peşəkar kadr potensialını formalaşdırmaq məqsədi daşıyır. Dövlətimizin başçısının iradəsi ilə son illərdə dövlət qulluğu sahəsində qəbul edilən qanunvericilik aktları və normativ-hüquqi sənədlər ölkədə müasir, çevik və vətəndaşyönümlü dövlət idarəçiliyinin formalaşmasına təkan verib.
Dövlət qulluqçuları vətəndaşlara təhsil, səhiyyə, sosial təminat, təhlükəsizlik və digər xidmətlərin göstərilməsində iştirak edirlər. Bu da onların vətəndaşlarla birbaşa əlaqə yaratdıqlarını və ictimai rifahın təminində əhəmiyyətli olduqlarını göstərir. Dövlət qulluğu sisteminin sabitliyi idarəetmədə davamlılığı təmin edir. Bu, dövlətin funksiyalarının fasiləsiz yerinə yetirilməsinə şərait yaradır. Dövlət qulluğu sistemində çalışanlar idarəetmə islahatlarının hazırlanması və həyata keçirilməsində əsas qüvvədir. Onlar yeni idarəetmə metodlarının tətbiqində mühüm rol oynayırlar. Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması və inkişafı ardıcıl şəkildə həyata keçirilmiş hüquqi və institusional islahatlara əsaslanır. Dövlət qulluğu sahəsində qəbul olunan qanunvericilik aktları, institusional yeniliklər və rəqəmsallaşma yönümlü tədbirlər ölkədə şəffaf, effektiv və vətəndaşyönümlü idarəçiliyin qurulmasına xidmət edir.
Dövlət qulluğunda Azərbaycan modelinin formalaşması, ölkəmizdə dövlət qulluğunun müasir modelinin əsası 2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” Qanunla qoyulub. Bu Qanun dövlət qulluğunun hüquqi, təşkilati və etik çərçivələrini müəyyən edərək, sistemin şəffaf və səmərəli şəkildə fəaliyyətinə zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sahəsində həyata keçirilən qanunvericilik və normativ islahatlar Azərbaycanın dövlət idarəçiliyində keyfiyyət dəyişikliyi yaradıb. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, şəffaf və ədalətli kadr seçimi sistemi, etik davranış normaları və rəqəmsal idarəetmə modelləri dövlət qulluğunu müasir tələblərə uyğunlaşdırılıb. Bu hüquqi və normativ baza ölkədə səmərəli dövlət idarəçiliyinin əsas sütunu kimi çıxış edir və gələcək islahatlar üçün etibarlı zəmin yaradır. Bütovlükdə deyə bilərik ki, bu model regionda strateji yanaşma baxımından nümunə göstərilə bilər və gələcəkdə bu sahədə islahatların dərinləşdirilməsi üçün möhkəm zəmin formalaşdıracaq gücə malikdir.
İyunun 23-ü Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Dövlət Qulluğu Günü kimi 2003-cü ildən qeyd olunur. Bu gün dövlət qulluqçularının cəmiyyətin rifahına və dövlətin idarəolunmasına verdiyi töhfənin tanınması məqsədi daşıyır. Dövlət Qulluqçularının Peşə Bayramı Günü ərəfəsində bu institutun inkişaf trayektoriyasını təhlil etmək, xüsusilə də Prezident İlham Əliyevin bu sahədəki strateji idarəetmə rolunu araşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə çalışan hər bir şəxs yalnız vəzifə daşıyıcısı deyil, həm də dövlətin etimadının daşıyıcısı, cəmiyyətlə dövlət arasında etibarlı körpüdür. Bu, dövlət qulluqçularının əməyinə verilən yüksək qiymətin göstəricisidir.
Dövlət qulluğunun müasir modelinin formalaşdırılması bu islahatların mühüm istiqamətlərindən biridir. Azərbaycanda dövlət qulluğu sistemi son 20 ildə mühüm inkişaf yolu keçib. Strateji modernizasiya istiqamətində atılan addımlar, dövlətin effektivliyini və vətəndaşlara xidmət səviyyəsini yüksəldib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sistemi Avropa İttifaqı, BMT və digər beynəlxalq təşkilatların tövsiyələrinə uyğun təkmilləşdirilib, dövlət qulluğunun hüquqi bazası meritokratiya, şəffaflıq, siyasi neytrallıq və peşəkarlıq prinsiplərinə uyğunlaşdırılıb.