Azərbaycan və Polşa vergi sahəsində texniki əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə edib


Azərbaycan və Polşa vergi sahəsində gələcəkdə maraq doğuran sahələr üzrə texniki əməkdaşlığın gücləndirilməsi imkanlarının nəzərdən keçirilməsi barədə razılıq əldə edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Polşa Milli Gəlir Administrasiyasının rəhbəri Marcin Loboda ilə ikitərəfli görüş keçirib. Görüşdə vergi idarəetməsində institusional potensialın gücləndirilməsi, rəqəmsallaşma strategiyalarının tətbiqi və innovativ texnologiyaların inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Hər iki tərəf vergi inzibatçılığında çevik yanaşmaların və məlumat əsaslı qərarların əhəmiyyətini vurğulayıb.

O.Nəzərli vergi orqanlarında çevik idarəetmə prinsiplərinin tətbiqi istiqamətində atılan addımları, operativ və adaptiv idarəetmənin formalaşdırılması üzrə praktiki təcrübəni diqqətə çatdırıb, vergi sisteminin şəffaflığı və səmərəliliyinin artırılması istiqamətində aparılan islahatların davamlı xarakter daşıdığını qeyd edib.

Milli Gəlir Administrasiyasının rəhbəri Polşada vergi inzibatçılığı sisteminin modernləşdirilməsi üzrə həyata keçirilən tədbirlər, o cümlədən mərkəzləşdirilmiş məlumat bazaları və avtomatlaşdırılmış nəzarət mexanizmləri barədə məlumat verib. Marcin Loboda iki ölkənin vergi administrasiyaları arasında təcrübə mübadiləsinin və ekspert səviyyəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər