Bu ilin yanvar-may aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 256 215 şəxs qəbul edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, onlara 406 303 sayda xidmət göstərilib ki, bunun da 139,6 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 95,6 mindən çox isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,6 %-ni təşkil edib:
– Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
– Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
– Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
– “ASAN İmza” sertifikatlarının verilməsi;
– Vergi ödəyicisinə arayışların verilməsi;
– Fiziki şəxsin uçotdan çıxarılması;
– Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
– Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
– Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
5 ay ərzində vergi ödəyicilərindən daxil olmuş 15 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 11,9 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildirişlər (məktublar) göndərilib. Dövr ərzində 1 908 vergi ödəyicisinin iştirakı ilə 174 görüş keçirilib, 2 161 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 559 minə yaxın SMS göndərilib.