2İnsan Hüquqları Günü təkcə qanunvericiliklə məhdudlaşmamalıdır”


18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu günün təsis edilməsi 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsaslanır. Məqsəd insan hüquq və azadlıqlarının qorunması sahəsində cəmiyyətin maarifləndirilməsi, bu sahədə dövlət orqanlarının və ictimai qurumların fəaliyyətinin gücləndirilməsidir.

Bu tarix təsadüfi seçilməyib. 1998-ci ilin 18 iyununda Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənmişdi. Bu proqram insan hüquqlarının qorunmasında mühüm bir mərhələ idi və ölkədə hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımların başlanğıcı sayılır.

SİA mövzu ilə bağlı vəkil və hüquqşünaslar arasında sorğu edib.



Hüquqşünas Nuranə Abdullayeva: “Azərbaycanda hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu gün simvolik tarix olmaqla yanaşı, dövlətin vəzifələrini, cəmiyyətin gözləntilərini, hüquq sisteminin insan hüquqlarının müdafiəsində oynadığı rolu xatırlatmaq kimi mühüm əhəmiyyət kəsb edir.

İlk dəfə 1998-ci il 18 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti Ümummilli Lider Heydər Əliyev tərəfindən “İnsan Hüquqları üzrə Dövlət Proqramı” təsdiqlənmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i “İnsan Hüquqları Günü” kimi elan edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş Konstitusiyası, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin əsas və ali məqsədlərindən biri kimi müəyyən edir. Konstusiyanın mühüm bir hissəsi bilavasitə insan hüquq və azadlıqlarının tanınması, qorunması və tənzimlənməsi məsələlərinə həsr olunmuşdur.

Hüquqi nöqteyi-nəzərdən bu günün qeyd edilməsi bir sıra mühüm mesajları özündə ehtiva edir. Bu, ilk növbədə, dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına hüquq və azadlıqların qorunmasının həm konstitusional, həm də beynəlxalq vəzifə olduğunu xatırladır. Bununla yanaşı, o, hüquqi islahatların davam etdirilməsinin və vətəndaş hüquqlarının faktiki olaraq təmin olunmasının nə qədər mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

İnsan Hüquqları Günü cəmiyyətin inkişafı və maariflənməsi üçün təkcə qanunvericiliklə məhdudlaşmamalıdır. Vətəndaşların öz hüquqlarını anlaması və onları səmərəli şəkildə müdafiə etməsi üçün geniş ictimai müzakirə aparılmalıdır. Bu baxımdan İnsan Hüquqları Günü vətəndaş cəmiyyəti və insan haqları təşkilatları üçün öz işlərini nümayiş etdirmək və problemlərə maarifləndirmək üçün əlamətdar hadisədir.

Hüquqşünaslar, yalnız peşəkar öhdəlikləri çərçivəsində deyil, eyni zamanda cəmiyyət qarşısında daşıdıqları sosial məsuliyyət baxımından insan hüquqlarının qorunmasında vacib rol oynayırlar. Onların fəaliyyəti təkcə məhkəmə proseslərində hüquqi arqumentlər irəli sürməklə məhdudlaşmır. Hüquqşünaslar eyni zamanda vətəndaşlara hüquq və azadlıqları barədə aydın məlumat verməli, onların bu hüquqlardan düzgün şəkildə istifadə edə bilmələri üçün maarifləndirici və müdafiəedici rolu da üzərlərinə götürməlidirlər. Bu yanaşma, hüquq peşəsinin insan hüquqlarının təşviqi və müdafiəsindəki əhəmiyyətini daha da gücləndirir”.

Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova: “Azərbaycan Respublikasında 18 iyun tarixi insan hüquqlarının əhəmiyyətini vurğulayan rəsmi gündür. Bu əlamətdar günün ölkəmizdə qeyd olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə rəsmiləşdirilmişdir.

Bu tarixin seçilməsi təsadüfi deyil. Məhz 18 iyun 1998-ci il tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkəmizdə ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənmiş və bu Proqram çərçivəsində insan hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Ölkəmizdə İnsan Hüquqları Gününün xüsusi ilə qeyd olunması simvolik baxımdan onu ehtiva edir ki, dövlət tərəfindən insan hüquqlarının qorunması prioritetdir və konstitusion dəyər kimi qəbul edilir. Praktik baxımdan isə bu gün insan hüquqları sahəsində həyata keçirilən islahatların dəyərləndirilməsi, mövcud problemlərin müzakirəsi və ictimai maarifləndirmənin artırılması üçün bir fürsətdir. Bununla yanaşı, insan hüquqları hüquq sisteminin təməlidir. Bu səbəbdən də ədalətə çıxış hamı üçün əlçatan olmalıdır. Dövlət orqanlarının insan hüquqları sahəsində fəaliyyəti ictimaiyyət üçün açıq olmalı, pozitiv öhdəliklərinin icrasında cavabdehlik daşımalı və bunun üçün də onlar fəaliyyətlərində hesabatlılığı və şəffaflığı təmin etməlidirlər.

Qeyd edilməlidir ki, insan hüquqlarının qorunmasında xüsusi rol məhkəmə-hüquq sisteminə həvalə edilir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi məqsədi ilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3 aprel 2019-cu il tarixli 604 saylı Fərman qəbul edilmişdir. Həmin Fərman çərcivəsində bu sahə üzrə fəaliyyət göstərən müvafiq qurumlara ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə zəruri göstərişlər verilmişdir.

İnsan hüquqları sahəsində vəkillərin rolu da böyük əhəmiyyət daşıyır. Onlar hüquqları pozulan şəxsləri hüquqi cəhətdən müdafiə edir, insanlara hüquq və azadlıqları barədə məlumat verir, həmçinin hüquqi maarifləndirmə işi aparırlar. Vəkillər hüquq pozuntularının araşdırılmasında və beynəlxalq insan hüquqları standartlarının tətbiqində mühüm rol oynayırlar. Eyni zamanda, sosial ədalətin təmin olunması üçün pulsuz hüquqi yardım göstərərək, hüquqa çıxış imkanlarını artırırlar. Bu fəaliyyətlər insan hüquqlarının qorunmasına və hüquqi cəmiyyətin formalaşmasına töhfə verir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər