İran parlamentinin iclasında Seyid Əli Mədənizadə səslərin çoxunu toplayaraq İslam Respublikasının iqtisadiyyat naziri olub. SİA xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Onun namizədliyini İran Prezidenti Məsud Pezeşkian bir neçə gün öncə təqdim edib.
Bildirilib ki, Əli Mədənizadə 1982-ci ildə İranda anadan olub. Son illərin iqtisadiyyat sahəsində ən görkəmli simalarından sayılır. O, Şərif adına Texnologiya Universitetinin elektrotexnika üzrə magistr dərəcəsinə, Stanford Universitetinin hesablama riyaziyyat üzrə magistr dərəcəsinə və Çikaqo Universitetinin iqtisadiyyat üzrə doktorluq dərəcəsinə malikdir.
Mədənizadə Şərif Texnologiya Universitetinin prezidentidir. Onun bilik sahələrinə makroiqtisadiyyat, pul-kredit və fiskal siyasət, beynəlxalq ticarət, sənaye strukturları daxildir.
Məlumata görə, onun idarəetmə təcrübəsi də geniş və müxtəlifdir. Onların arasında əhəmiyyətliləri aşağıdakılar sayılır.
– İran Mərkəzi Bankının (CBI) Pul-kredit və Bank Tədqiqatları İnstitutunda modelləşdirmə qrupunun rəhbəri;
– İran Planlaşdırma və Büdcə Təşkilatının (PBO) iqtisadi məsləhətçisi;
– İran İnformasiya Texnologiyaları Təşkilatının İcraiyyə Şurasının üzvü;
– CBI Likvidlik Komitəsinin üzvü;
– Valyuta-kredit şurasının komissiya üzvü;
– Büdcə strukturunun və BDİ qanununun islahatı üzrə böyük layihələrin direktoru.
Ondan əvvəl bu postu Abdolnaser Hemməti tuturdu.