Həftəsonu vətəndaşların bank kartlarından 5 min manatdan çox pul oğurlanıb


Vətəndaşların bank kartlarından İyunun 14-də və 15-də 5 min manatdan çox pul oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır:

“Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır. İyunun 14-də və 15-də bir sıra şəxslərin bank hesablarından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 280, 170, 110, 50 və 19 manat kiber üsulla oğurlanıb”.

Məlumatda qeyd olunub ki, bu cür cinayətlər əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir:

“Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir. Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin”.

Əlaqəli Xəbərlər