“İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq təhlükəsizlik sistemi nəinki ciddi böhran vəziyyətinə düşüb, tamamilə çöküb desək daha düzgün ifadə olar. Dünyada baş verən qarşıdurmaların, qırğınların, kütləvi insan ölümlərinin qarşısının alınmasında Birləşmiş Millətlər Təşkilatı artıq rol oynaya bilmir, baş verən bu şiddətin qarşısının alınmasına real təsir göstərə bilmir”. SİA-nın verdiyi məlumata görə, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, yeni dünya nizamının meydana gəlməsi çox ciddi bir reallıq olduğu kimi, yeni beynəlxalq təhlükəsizlik sisteminin və onun alətlərinin yaranması da bəşəriyyətin təhlükəsizlik şəraitində yaşamasının ən vacib şərtidir. Belə olan halda milli siyasətlərin beynəlxalq təhlükəsizlik sisteminin və yeni dünya nizamının yaranmasında öz milli maraqları nöqteyi-nəzərindən iştirak etməsi obyektiv və qaçılmaz bir zərurətə çevrilir: “Bu mənada Azərbaycanın, qardaş Türkiyənin, Azərbaycana dost olan digər dövlətlərin, türk dövlətlərinin hamısının yeni yaranacaq yeni dünya nizamında və beynəlxalq təhlükəsizlik sisteminin meydana gəlməsində yaxından iştirakı da nəinki arzuolunandır, milli maraqlarımızın ən yaxşı şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, Prezident İlham Əliyevin, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasətin qarşısında duran bu vəzifə uğurla yerinə yetiriləcək. Gündən-günə güclənən, qüdrətlənən Türkiyə, Azərbaycan və digər türk dövlətləri, eləcə də Azərbaycanla dost olan digər dövlətlər dünyanın yeni nizamının və yeni təhlükəsizlik sisteminin yaranmasında yaxından iştirak edən faktorlar ola biləcəklər. Yalnız bunun sayəsində yeni dünya nizamında, gələcək beynəlxalq təhlükəsizlik sistemində hər bir dövlətin, o cümlədən Azərbaycanın, Türkiyənin, bizə yaxın olan digər dövlətlərin hər birinin maraqlarının nəzərə alınmasını həyata keçirmək, təmin etmək mümkün olacaq”.