Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir


Azərbaycanın Qarabağda tam suverenliyini bərpa etməsi ilə birlikdə bölgədə davamlı sülh və sabitlik üçün tarixi bir fürsət yaranıb. Vaxtilə də Qarabağın inzibati və siyasi mərkəzi kimi tanınan Şuşanın yenidən mühüm beynəlxalq toplantı və konfranslara ev sahibliyi etməsi, bölgənin gələcəyinə güclü bir ümid işığı salmaqdadır. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib.

Efkan Ala bildirib ki, 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan yalnız bir zəfərin sahibi deyil, eyni zamanda regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa tam layiqdir. Bölgədə qalıcı sülhün təmin olunması, iqtisadi inkişaf prosesini də sürətləndirəcək və Cənubi Qafqazın rifahına ciddi töhfə verəcək. Lakin bəzi Qərb dövlətlərinin ermənipərəst mövqeyi bölgədə sülh səylərinə maneə yaratmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, regional əməkdaşlığın gücləndirilməsi çətin olsa da, xarici təzyiqlərə qarşı dayanmaq üçün böyük əhəmiyyət daşıyır.

“Regionun əsl sahiblərinin təşəbbüsü ilə yaranmış 3+3 əməkdaşlıq platforması isə Cənubi Qafqazda qalıcı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşmasında mühüm zəmindir. Hesab edirik ki, regional problemləri məhz regional ölkələr həll edə bilər. Bu səbəbdən də milli sahiblənmə siyasətini dəstəkləyirik. Cənubi Qafqaz ölkələri öz məsələlərini uzaq coğrafiyalardakı güclərin müdaxiləsinə ehtiyac duymadan, öz qonşuları ilə əməkdaşlıq yolu ilə həll etməyə qadirdir və bu iradəyə sahibdir. 3+3 platforması bu iradənin institusional ifadəsi olmaqla, ortaq maraqlar əsasında əməkdaşlığa real imkanlar açır”, – deyə o bildirib.

Əlaqəli Xəbərlər