Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Kardioloqlarının II Qurultayı və Qazaxıstan kardioloqlarının XVII Qurultayı keçirilib. SİA xəbər verir ki, ötən ilin aprelində Bakıda təşkil edilmiş I Türk Dövlətləri Kardioloqlarının Qurultayının davamı olaraq keçirilən II Qurultayın məqsədi ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında qazaxıstanlı və əcnəbi kardiologiya mütəxəssislərini birləşdirmək, öyrətmək, qarşılıqlı əlaqə yaratmaq və təcrübə mübadiləsi aparmaq, kardiologiya sahəsində yenilikləri işıqlandırmaq olub.
Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru professor Gülnaz Dadaşovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Açılış mərasimində Gülnaz Dadaşova Türk Dövlətləri Kardioloqlarının II Qurultayının sədrliyini təntənəli şəkildə Qazaxıstan tərəfinə təqdim edib. Professor qurultayın vacibliyindən danışıb, Türk dövlətləri arasında səhiyyə sahəsində də əlaqələrin möhkəmləndiyini vurğulayıb.
Professorun sədrliyi ilə keçən “Türk Dövlətləri Kardioloqlarının Qurultayı” adlı sessiyada o, “Kardiologiyada nailiyyətlər: Azərbaycanda əlçatanlığın və innovasiyanın genişləndirilməsi”, ETKİ-nin elmi katibi tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova “Ekologiya – ekoloji risk faktorları və ürək-damar xəstəlikləri” və tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev “Azərbaycanda TAVİ-nin tətbiqi. Keçid səhiyyə sistemində strateji və sistemli perspektiv” mövzularında çıxış ediblər.
Tədbir Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Belarus, Almaniya, İtaliya, Portuqaliya və Avstraliyadan olan yüzdən çox görkəmli mütəxəssisi – aparıcı kardiologiya məktəblərinin və tədqiqat mərkəzlərinin nümayəndələrini bir araya gətirib. Qurultayın proqramı arterial hipertenziyadan tutmuş kardiogenetikada ən son yanaşmalara və süni intellektin tətbiqinə qədər geniş spektrli aktual məsələləri əhatə edib.