2025-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev yeni sosial islahat paketini çərçivəsində növbəti fərman imzalayıb. Hələ ilin əvvəlindən bu paket çərçivəsində əməkhaqqı 16%, pensiyalar isə 8,1% artırılmışdı. Həmçinin, minimum əməkhaqqı 400 manata yüksəldilib. Növbəti mərhələ olaraq sosial islahatların əsas hədəfi şəhid ailələri, əlilliyi olan şəxslər, çoxuşaqlı ailələr və analar üçün müavinətlərin və təqaüdlərin 20% artırılmasıdır. Bu tədbirlərdən təxminən 3 milyon vətəndaş faydalanacaq. Yeni fərmanla bağlı fikirlərini bölüşən “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva islahatların sosial rifahın gücləndirilməsi məqsədini daşıdığını bildirib. O, dövlətin vətəndaşlarına, xüsusilə də sosial zəif təbəqələrə olan diqqətinin bir daha vurğulandığını qeyd edib: “Sosial müavinətlərin artırılması ilə bağlı imzalanan fərman, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, çoxuşaqlı ailələrin və anaların həyat şəraitini yaxşılaşdırmağa yönəlmiş əhəmiyyətli bir addımdır. Dövlət hər zaman öz vətəndaşlarının yanındadır və onların sosial rifahı, həyat şəraiti, vətəndaş məmnunluğu hər zaman prioritet istiqamət olaraq qalır.”
Zülfiyyə Nuriyeva həmçinin, dövlətin sosial paketlərinin zamanla müsbət nəticələr verdiyini vurğulayaraq, bu yeni islahat paketinin də digər uğurlu təşəbbüslər kimi tez bir zamanda vətəndaş məmnuniyyətini təmin edəcəyinə inandığını bildirib. “Bu sosial-iqtisadi paket də əvvəlki islahatlar kimi uğurlu olacaq, yaxın zamanda islahatın nəticələrini və vətəndaş məmnuniyyətini görəcəyik, ” – deyə əlavə edib.
QHT sədri həmçinin, sosial müdafiə sahəsində çalışan dövlət qurumlarının fəaliyyətini yüksək qiymətləndirərək, Əhalinin Sosial Müdafiə Nazirliyinə də uğurlar arzulayıb: “Əhalinin Sosial Müdafiə Nazirliyi, dövlətin sosial paketlərini uğurla həyata keçirən əsas qurumlardan biridir. Bu işin də uğurla başa çatacağına inanıram və nazirliyin uğurlarına daha bir yeni uğurun əlavə olacağına əminəm.”
Bu sosial islahat paketi, Azərbaycanda sosial rifahın və vətəndaş məmnuniyyətinin daha da gücləndirilməsi istiqamətində mühüm bir addım olaraq qiymətləndirilir.
Pərvanə Fərhadqızı