“Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi. Həmin illərdə ölkədə dərin bir xaos hökm sürürdü. Bu vəziyyətin formalaşmasında bir neçə mühüm amil rol oynayırdı: xarici təcavüz təhlükəsi və daxildəki siyasi anarxiya”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
Onun sözlərinə görə, müstəqillik əldə edildikdən sonra hakimiyyətə gələn siyasi komanda və idarəedici strukturların təcrübəsizliyi, reallıqları nəzərə almadan verilən bəyanatlar və atılan addımlar vəziyyətin daha da gərginləşməsinə səbəb oldu: “Bu xaos həm daxili, həm də xarici təzyiqlərin təsiri ilə dərinləşdi. Lakin Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin siyasi həyatında dönüş nöqtəsi baş verdi və dövlətçilik tarixində yeni bir mərhələ başlandı.
Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra dövlətin və xalqın taleyində yeni bir mərhələ başlandı. Həmin dövrdə yaranmış xaosun və xaricdən gələn təzyiqlərin qarşısını almaq üçün müəyyən zamana ehtiyac var idi. Bu mərhələdə radikal və düşünülmüş addımların atılması vacib idi. Təcrübəli idarəetmə nəticəsində daxili xaos mərhələli şəkildə aradan qaldırıldı.
Azərbaycan öz milli maraqlarını xarici güc mərkəzlərinin maraqları ilə uzlaşdıraraq siyasi sabitlik əldə etdi. Nəticədə stabil bir dövlət quruculuğuna başlanıldı. Bununla belə, həmin dövrün də özünəməxsus problemləri var idi. Qısa müddətdə tam əmin-amanlıq və firavanlıq yaratmaq mümkün deyildi, çünki bu, zaman və davamlı fəaliyyət tələb edən bir təkamül prosesi idi.
Bu prosesin uğurla həyata keçirilməsində əsas amil düzgün və məqsədyönlü dövlət siyasəti oldu. Nəticədə, Heydər Əliyevin apardığı qətiyyətli siyasət uğur qazandı və bu siyasi kursun davamı olaraq İlham Əliyevin hakimiyyətə gəlməsi mövcud problemlərin köklü şəkildə həllinə imkan yaratdı”.
Politoloq həmçinin qeyd edib ki, iyunun 15-də Heydər Əliyevin parlamentə qayıdışı və bu hadisənin “Qurtuluş Günü” kimi qeyd olunması məhz həmin dövrdən etibarən başlayır: “Bu tarixi mərhələ ölkədəki xaosun, anarxiyanın və reallığa uyğun olmayan idarəçilik yanaşmalarının aradan qaldırılması ilə səciyyələnir. Əgər o dövrdə yaranmış xaos aradan qaldırılmasaydı, Azərbaycanın dövlətçiliyi ciddi təhlükə altına düşə bilərdi.
Belə bir vəziyyətdə ölkənin xilası üçün yeni, güclü və təcrübəli bir liderə ehtiyac var idi. Bu ehtiyacı məhz Heydər Əliyev qarşıladı. Onun zəngin siyasi və dövlətçilik təcrübəsi, reallıqları düzgün qiymətləndirmək bacarığı, daxili və xarici təzyiqlərə qarşı prinsipial və qətiyyətli mövqeyi Azərbaycanın taleyində həlledici rol oynadı. Məhz bu amillər sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya, sabitlik və inkişaf yoluna qədəm qoya bildi.
Təbii ki, bu hadisələr Azərbaycanın gələcək taleyində xüsusi əhəmiyyət kəsb edir. Əgər o dövrdə mövcud xaos və anarxiya aradan qaldırılmasaydı, Azərbaycanın dövlət kimi mövcudluğu sual altına düşə bilərdi. Şübhəsiz ki, bu, tarixi bir proses idi və belə proseslərdə şəxsiyyətin rolu həlledici olur. Tarixi proseslərdə lider şəxsiyyət hadisələrin inkişafını ya sürətləndirə, ya da ləngidə bilər”.
Eyni zamanda o qeyd edib ki, bu baxımdan Heydər Əliyevin apardığı siyasətə bu günün prizmasından baxdıqda, onun uzaqgörənliyini və strateji yanaşmasını daha aydın görmək mümkündür: “Bu siyasətin davamı olaraq bu gün Azərbaycan öz torpaqlarını azad edib, məcburi köçkünlərin geri qayıdışı təmin olunur, ölkənin beynəlxalq nüfuzu durmadan artır. Eyni zamanda, Türk dövlətlərinin birliyi istiqamətində atılan addımlarda da Azərbaycan aparıcı, lokomotiv rolunu oynayır.
Azərbaycanın müasir tarixində Qurtuluş Günü – 15 İyun, təkcə ölkənin daxilində sabitliyin və dövlətçiliyin bərqərar olunması ilə deyil, həm də daha geniş coğrafiyada – Türk dünyasında inteqrasiya proseslərinin əsasının qoyulması ilə əhəmiyyətlidir. Əgər həmin dövrdə anarxiya aradan qaldırılmasaydı və Qurtuluş prosesi baş verməsəydi, bu gün həm Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, həm də Türk dövlətlərinin bir araya gəlməsi real olmazdı.
Bu gün Türk Dövlətləri Təşkilatının lokomotivi kimi çıxış edən Azərbaycan məhz o tarixi dönüş nöqtəsindən – Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra bu rolu öz üzərinə götürə bildi. İlham Əliyevin liderliyində bu siyasət uğurla davam etdirilir və regionda Azərbaycan həm siyasi, həm iqtisadi, həm də mədəni inteqrasiyada aparıcı mövqeyə sahibdir.
Bu baxımdan, Qurtuluş Günü yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün də tarixi əhəmiyyətə malikdir. Bu günün qeyd olunması təkcə milli deyil, həm də ümumtürk dəyərlərinin təntənəsidir. Çünki əgər o dövrdə bu dönüş baş verməsəydi, Azərbaycanın dövlət müstəqilliyi sual altında ola bilərdi və bu da Türk dünyasının bütövlüyündə ciddi boşluq yarada bilərdi”- deyə politoloq əlavə edib.