Şamaxıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Qurtuluş Günü münasibətilə “Suverenliyə Aparan Qurtuluş Yolu” adlı tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, eləcə də ictimaiyyətin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Onlar dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir Şamaxı Rayon Mədəniyyət Mərkəzində davam edib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 15 İyun – Milli Qurtuluş Gününün müasir Azərbaycan dövlətçiliyinin bərpasında və inkişafında mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. O qeyd edib ki, 1993-cü ilin bu əlamətdar günü Azərbaycan tarixində təkcə siyasi sabitliyin deyil, həm də suverenliyimizin, müstəqil dövlət quruculuğunun əsasının qoyulduğu gündür. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və dağılmaq təhlükəsindən xilas edib, ölkədə əmin-amanlıq və inkişafın təmin olunmasına zəmin yaradıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, Şamaxı rayon Ağsaqqallar Şurasının üzvü, ictimai xadim Nəzakət Abdulrazaqova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının müəllimi Şasəddin Mikayılov da bu günün tarixi və mənəvi əhəmiyyətinə toxunublar. Çıxışçılar bildiriblər ki, Milli Qurtuluş Günü Azərbaycanın suverenliyə, ictimai-siyasi sabitliyə və hüquqi dövlət quruculuğuna aparan yolun başlanğıcıdır. Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində bu yol zaman-zaman möhkəmlənərək bugünkü güclü və qüdrətli Azərbaycanın təməlini formalaşdırıb.
Qeyd olunub ki, bu gün Ulu Öndərin siyasi irsi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən və prinsipial siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib, regionda söz və nüfuz sahibi olan dövlətə çevrilib.