“Gənclik insan həyatının ən çılğın və temperamentli dövrüdür”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, bu yaş mərhələsi həm bioloji, həm də psixoloji baxımdan insanın ən enerjili və dinamik dönəmidir. Gənclər müstəqil həyata qədəm qoyduqdan sonra tez-tez özlərini böyüklərdən və valideynlərindən daha ağıllı hesab edirlər. Onlar düşünürlər ki, qarşılaşdıqları bütün məsələlərdə ən doğru qərarı yalnız özləri verə bilərlər. Bu səbəbdən bir çox hallarda tələsik və düşünülməmiş qərarlar qəbul edirlər ki, nəticədə bu qərarlar onların əleyhinə işləyir. Lakin zamanla həyatın acı-şirin tərəflərini yaşayaraq, onlar da təcrübə toplayırlar. Gənclərin təhlükəsizlik və azadlıq tələblərinə gəlincə, burada da müəyyən disbalans müşahidə olunur. Əksər gənclər təhlükəsizlik məsələsini ikinci plana keçirərək, azadlığa daha çox üstünlük verirlər. Lakin təəssüf ki, son illərdə gənclərin “azadlıq” anlayışı yanlış istiqamətə yönəlib. Bəziləri nəfslərinin istədiyi hər şeyi etmək hüququnu azadlıq kimi qəbul edirlər. Bu cür yanlış yanaşma nəticəsində bir çox gənclər narkotik vasitələrə və alkoqola aludə olurlar. Gecə həyatına aludəçilik onları təhsildən uzaqlaşdırır, əxlaqi və mənəvi cəhətdən zəiflədir. Bundan əlavə, sosial şəbəkələr və bəzi seriallar vasitəsilə gənclərə təlqin olunan Avropa mənşəli dağılmış ailə modelləri və mənəvi sərhədsizlik, onların dünya görüşünə neqativ təsir göstərir.
Unutmaq olmaz ki, azadlıq məsuliyyətlə müşayiət olunmalıdır. Gənclər başa düşməlidirlər ki, soyunmaq, LGBT-yə mənsub olmaq, narkotik istifadə etmək – bunlar azadlıq deyil, insanı həm mənəvi, həm də fiziki cəhətdən deqradasiyaya uğradan hallardır. Biz cəmiyyət olaraq gənclərimizi bu istiqamətdə düzgün istiqamətləndirməliyik. Onlara milli və mənəvi dəyərlərə söykənən, ifrat və təfritdən uzaq bir azadlıq anlayışını aşılamağa çalışmalıyıq. Digər mühüm məsələ isə təhlükəsizlikdir. Bu, həm fərdi, həm də ictimai səviyyədə həyati əhəmiyyət daşıyan məsələdir. İctimai təhlükəsizlik cəmiyyətin hər bir üzvünün hüquq və qanunlara riayət etməsi ilə təmin olunur. Bu hüquqlar isə hüquq-mühafizə orqanları və müvafiq qanunvericilik vasitəsilə qorunur. Hər bir gənc, bu ölkənin vətəndaşı olaraq, həm özünün, həm də cəmiyyətin təhlükəsizliyini təmin etməyə borcludur. Ona görə də, qanunlara zidd və ictimai asayişi poza biləcək davranışlardan çəkinməlidir. Bütün bunların gerçəkləşməsi üçün gənclərlə davamlı maarifləndirmə işləri aparmaq vacibdir. Yalnız belə olduqda biz sağlam düşüncəli, əxlaqlı və məsuliyyətli bir gənc nəsil yetişdirə bilərik”.
Müəllif: Günel Rəşadqızı